Xəbərlər

Əziz Ələkbərli: “Bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir”
09 noyabr 2024, 10:38

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar nəinki Naxçıvanı, bütövlükdə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Həmin gün Azərbaycanın üçrəngli bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda dalğalandırıldı, dövlət atributlarımızla bağlı çox mühüm qərarlar qəbul edildi. Hələ kommunist partiyasının hökm sürdüyü bir dövrdə böyük cəsarətlə qəbul edilmiş həmin qərarlar Azərbaycanın müstəqillik yoluna işıq saldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda Dövlət Bayrağı kimi təsdiq edildi... Bizim müstəqilliyə gedən yolumuz o gündən başlamışdır. Məhz Xalq Cümhuriyyətinin bayrağının Dövlət Bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış və ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir”.

Bu sözləri aia.az-a müsahibəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli söyləmişdir.

Millət vəkili qeyd edib ki, “Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. Dövlət atributlarını bərpa edən Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin..."
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də bayrağımıza münasibətdə açıq-aydın görünür. Qürurverici haldır ki, illər öncə cənab Prezidentimizin dediyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri bu gün real həyatda təsdiqini tapıb. Azərbaycanın əbədi və əzəli torpaqları erməni işğalından tam azad olunub və üçrəngli bayrağımız Qarabağda, Şərqi Zəngəzurda dalğalanmaqdadır. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, qəhrəman oğullarımızın, müdrik və müzəffər rəhbərimizin sayəsində ucalan Zəfər bayrağımız əbədidir.”

https://aia.az/97086-eziz-elekberli-bayraq-milletin-varliginin-movcudlugunun-subutu-musteqil-dovlete-sahib-cixmaq-bacariginin-esas-gostericisidir.html