24 iyun 2026, 16:07
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə çıxış edib. O, Qərbi azərbaycanlıların deportasiya tarixindən, tarixi ədalətin bərpası zərurətindən və doğma yurdlarına qayıdış hüququndan danışıb.
Əziz Ələkbərli bildirib ki, Ümumdünya Qaçqınlar Gününün qeyd olunmasının əsas məqsədi dünyanın müxtəlif bölgələrində qaçqın taleyi yaşayan insanların hüquqlarını diqqətə çatdırmaqdır. O vurğulayıb ki, Azərbaycan da uzun illər böyük qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkələrdən biri olub.
İcma sədri qeyd edib ki, son 38 ildə Azərbaycanın əhalisinin böyük bir hissəsi qaçqın və məcburi köçkün həyatı yaşayıb. Qarabağın işğaldan azad edilməsindən sonra məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün imkan yaransa da, Qərbi Azərbaycandan deportasiya olunmuş yüz minlərlə soydaşımızın hələ də doğma yurdlarına qayıtmaq hüququ təmin edilməyib.
“Qərbi Azərbaycan qaçqınları öz ata-baba yurdlarından məcburi şəkildə qovulublar və bu gün də onların böyük bir hissəsi qaçqın həyatı yaşamağa davam edir”, – deyə Əziz Ələkbərli bildirib.
O qeyd edib ki, azərbaycanlılara qarşı həyata keçirilən siyasət yalnız sonuncu deportasiya ilə məhdudlaşmır, bu prosesin kökləri daha əvvəlki dövrlərə gedib çıxır. Ələkbərli bildirib ki, məqsəd tarixən azərbaycanlıların yaşadığı əraziləri boşaltmaq, həmin torpaqlarda monoetnik dövlət yaratmaq olub.
“Ermənilər bir şeyi unudurlar ki, azərbaycanlılar ata-baba yurdlarından dəfələrlə qovulsalar da, hər dəfə geri qayıdıblar, babalarının Vətən əmanətinə sahib çıxıblar”, – deyə İcma sədri vurğulayıb.
Çıxışında Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyinə toxunan Əziz Ələkbərli bildirib ki, tarixi faktların ortaya qoyulması və saxtalaşdırılmış iddiaların ifşası əsas prioritetlərdəndir.
Onun sözlərinə görə, Qərbi Azərbaycanda azərbaycanlıların tarixi izlərinin silinməsi istiqamətində uzun illər sistemli fəaliyyət aparılıb. O, qəbiristanlıqların, dini və mədəni abidələrin dağıdılmasını xüsusi vurğulayıb.
“Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi sistemli şəkildə dağıdıb, demək olar ki, bütün Azərbaycan-müsəlman izlərini yox etməyə çalışıb”, – deyə Əziz Ələkbərli bildirib.
İcma sədri qeyd edib ki, Qərbi Azərbaycan İcmasının əsas məqsədi soydaşlarımızın öz doğma yurdlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir.
“Biz sülh yolu ilə və ləyaqətli şəkildə, bütün hüquqlarımız bərpa olunmaq şərtilə, qonaq kimi yox, ev sahibi kimi öz evlərimizə geri qayıtmaq istəyirik və qayıdacağıq”, – deyə o vurğulayıb.
Əziz Ələkbərli bildirib ki, İcma beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində fəaliyyətini davam etdirir, Qərbi Azərbaycan məsələsinin dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl addımlar atır.
O qeyd edib ki, bölgədə davamlı sülhün təmin olunması insanların doğulduqları torpaqlara qayıtmaq hüququnun tanınmasından keçir:
“Birgəyaşayışın yeganə yolu hər bir insanın doğulub boya-başa çatdığı ərazilərə qayıdış hüququnun tanınması və təmin edilməsidir”.
İcma sədri çıxışının sonunda bildirib ki, Azərbaycan sülh və beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq öz məqsədinə çatacaq:
“Qərbi Azərbaycana qayıdış bizim tarixi haqqımızdır və biz bu haqqımızı sülh yolu ilə bərpa edəcəyik”.