21 avqust 2026, 19:39
Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı son illərdə Azərbaycanın ictimai-siyasi gündəmində xüsusi yer tutan məsələlərdən birinə çevrilib. Bu istiqamətdə formalaşan yeni yanaşma tarixi yaddaşın qorunması ilə yanaşı, qayıdış hüququnun beynəlxalq hüquq müstəvisində müdafiəsini də ön plana çıxarıb.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli uzun illərdir bu istiqamətdə ardıcıl fəaliyyət göstərir. Onun çıxış və yazılarında Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları, tarixi yaddaşın qorunması, beynəlxalq ictimaiyyətə çatdırılmalı həqiqətlər və dövlət siyasətinin bu prosesdəki rolu xüsusi yer tutur.
deportasiya.az olaraq Əziz Ələkbərli ilə söhbətimizdə İcmanın keçdiyi yol, qarşıda duran vəzifələr, Qayıdış Konsepsiyasının mahiyyəti, media və yaddaş məsələsi, eləcə də dövlət başçısının Qərbi Azərbaycan məsələsinə diqqəti barədə danışdıq.
– Əziz müəllim, Qərbi Azərbaycan İcması yarandığı gündən böyük bir tarixi missiyanı üzərinə götürüb. Ötən dövr ərzində İcmanın təşkilatlanması və deportasiya həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hansı əsas mərhələlər qət olunub?
– Qərbi Azərbaycan İcması qarşısına çox konkret və tarixi bir məqsəd qoyub: müxtəlif dövrlərdə indiki Ermənistan ərazisindən deportasiya edilmiş azərbaycanlıların öz doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qayıdış hüququnun təmin olunmasına nail olmaq. Bu, bir gündə formalaşmış məqsəd deyil. Bunun arxasında yüzillik tarixi yaddaş, deportasiyaların ağrısı və doğma torpaqlara qayıtmaq arzusu dayanır.
İcmanın yaradılması ilə bu məsələ yeni mərhələyə keçdi. Əvvəllər ayrı-ayrı insanların, ziyalıların, tədqiqatçıların, ictimai təşkilatların apardığı işlər vahid təşkilati platformada birləşdirildi. Bu gün biz artıq Qərbi Azərbaycandan olan insanların təşkilatlanmasını kənd-kənd, rayon-rayon həyata keçiririk. Qərbi Azərbaycanın 29 rayonu və 289 yaşayış məntəqəsi üzrə icmaların formalaşdırılması, Azərbaycan Respublikasının 63 rayonunda nümayəndəliyin yaradılması bu prosesin miqyasını göstərir.
Eyni zamanda, məsələni yalnız Azərbaycan daxilində müzakirə etməklə kifayətlənmirik. Tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, beynəlxalq təşkilatlara müraciətlər, müxtəlif ölkələrin ictimai-siyasi dairələri ilə əlaqələrin qurulması və Qayıdış hüququnun beynəlxalq gündəmə gətirilməsi istiqamətində ciddi iş aparılır.
Ən mühüm məqam isə budur ki, Qərbi Azərbaycana qayıdış artıq yalnız xatirə və arzu mövzusu deyil. Bu məsələ beynəlxalq hüquq, insan hüquqları və sülh gündəliyi çərçivəsində təqdim olunur.
– İcmanın strukturlaşması, soydaşlarımızın siyahıyaalınması və tarixi-mədəni irsimizin inventarlaşdırılması sahəsində hazırda hansı praktik işlər görülür?
– Qərbi Azərbaycan məsələsinin gələcəkdə daha ciddi şəkildə müdafiə olunması üçün ilk növbədə tarixi yaddaşımızı sistemləşdirmək lazımdır. Biz hansı kənddən, hansı rayondan nə qədər insanın deportasiya edildiyini, həmin yaşayış məntəqələrinin tarixini, toponimlərini, məktəblərini, məscidlərini, qəbiristanlıqlarını, tarixi abidələrini sənədləşdirməliyik.
Bu, sadəcə keçmişi öyrənmək üçün aparılan elmi iş deyil. Gələcək üçün çox mühüm sənəd bazasıdır.
Ona görə də biz Qərbi Azərbaycanın hər bir yaşayış məntəqəsinin yaddaşını qorumağa çalışırıq. İnsanların xatirələri, ailə arxivlərində saxlanılan sənədlər, fotoşəkillər, xəritələr və digər materiallar bu baxımdan böyük əhəmiyyət daşıyır. Çünki yaddaş yazıya, sənədə və arxivə çevrilmədikcə zaman keçdikcə itə bilər.
Bizim məqsədimiz Qərbi Azərbaycanla bağlı böyük və sistemli yaddaş arxivi yaratmaqdır.
– BMT və digər beynəlxalq təşkilatlara ünvanlanan müraciətlər, eləcə də “Qayıdış Konsepsiyası”nın beynəlxalq müstəvidə təbliği hansı hüquqi mexanizmlərə söykənir?
– Qayıdış Konsepsiyası təsadüfi şəkildə hazırlanmış siyasi sənəd deyil. Onun əsasında beynəlxalq hüququn norma və prinsipləri dayanır. Burada insanların doğma torpaqlarına qayıtmaq hüququ, insan hüquqları, qaçqın və məcburi köçkünlərin hüquqları, sülh, barışıq və birgəyaşayış prinsipləri nəzərə alınıb.
Ən mühüm məsələ odur ki, biz qayıdış məsələsini Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qoymuruq. Əksinə, konsepsiyada bu prinsiplərə hörmət açıq şəkildə ifadə olunur. Bizim tələbimiz Azərbaycanın ərazisinə aid olmayan torpaqlarla bağlı ərazi iddiası deyil. Söhbət öz ata-baba yurdlarından zorla qovulmuş insanların hüququndan gedir.
Bu yanaşma beynəlxalq hüququn məntiqinə tam uyğundur. Biz də məhz bu hüquqi müstəvidə fəaliyyət göstəririk.
– Ermənistan tərəfinin Qərbi azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı hüququna qarşı nümayiş etdirdiyi mövqeni necə qiymətləndirirsiniz?
– Ermənistan tərəfinin bu məsələdə mövqeyi, təəssüf ki, konstruktiv deyil. Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə dialoq təklif edib. Bizim mövqeyimiz çox aydındır: bu məsələ qarşıdurma yolu ilə deyil, dialoq, sülh və qarşılıqlı anlaşma yolu ilə həll olunmalıdır.
Amma Ermənistan tərəfi bu çağırışlara cavab vermək əvəzinə, Qərbi azərbaycanlıların qayıdış məsələsini siyasi gündəmdən çıxarmağa çalışır.
Halbuki tarixdən qaçmaq mümkün deyil. Bizim insanlarımızın həmin torpaqlarda yaşaması, kəndlərimizin, şəhərlərimizin, qəbiristanlıqlarımızın, məscidlərimizin olması tarixi faktdır.
Biz bu faktları emosional müstəvidə deyil, sənədlərlə, arxiv materialları ilə və beynəlxalq hüquqla ortaya qoyuruq.
– Qərbi Azərbaycandakı mədəni irsimizin – məscidlərin, qəbiristanlıqların, tarixi abidələrin dağıdılması ilə bağlı beynəlxalq müstəvidə hansı işlər görülür?
– Bizim üçün mədəni irs məsələsi son dərəcə vacibdir. Çünki bir xalqı öz torpağından qovmaqla iş bitmir. Əgər həmin xalqın orada qoyduğu izlər də silinirsə, deməli, məqsəd təkcə insanları deportasiya etmək deyil, onların tarixi yaddaşını da yox etməkdir.
Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus maddi-mədəni irsin vəziyyətinin sənədləşdirilməsi istiqamətində işlər aparılır. Biz bu məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq.
Bu istiqamətdə peyk görüntülərindən, arxiv sənədlərindən, tarixi xəritələrdən, foto və digər materiallardan istifadə olunur. Məqsədimiz hər bir faktı mümkün qədər sənədləşdirməkdir.
Çünki gələcəkdə tarixi həqiqətin müdafiəsində ən böyük gücümüz sənədlər olacaq.
– Böyük Qayıdış prosesində gənc nəsildə tarixi hafizənin yaşadılması üçün hansı media və maarifləndirmə strategiyalarına ehtiyac var?
– Qayıdışın ən mühüm şərtlərindən biri yaddaşın qorunmasıdır. Biz gənc nəslə Qərbi Azərbaycanı yalnız deportasiya və faciə tarixi kimi təqdim etməməliyik. Onlara həmin torpaqlarda necə bir həyatın mövcud olduğunu, babalarının hansı kəndlərdə, hansı məktəblərdə oxuduğunu, hansı məscidlərdə ibadət etdiyini, hansı sənətləri, mədəniyyəti yaratdığını göstərməliyik.
Gənc nəsil bilməlidir ki, Qərbi Azərbaycan onun üçün yalnız keçmiş deyil. Bu, həm də milli yaddaşın bir hissəsidir.
Burada təhsilin, medianın, sənədli filmlərin, kitabların, rəqəmsal arxivlərin, sosial şəbəkələrin imkanlarından geniş istifadə etmək lazımdır. Təhsil müəssisələrinin bu məsələdə üzərinə böyük vəzifə düşür. Biz milli dəyərlərini bilən, öz tarixini tanıyan gənc nəsil yetişdirməliyik
– Yeni fəaliyyətə başlayan deportasiya.az kimi ixtisaslaşmış media resurslarından gözləntiləriniz nədir?
– Mən hesab edirəm ki, belə bir media resursunun yaranması çox vacibdir. Çünki Qərbi Azərbaycan məsələsi o qədər genişdir ki, onun yalnız ümumi xəbərlərlə təqdim edilməsi kifayət etmir.
deportasiya.az öz üzərinə daha böyük missiya götürə bilər. Bu sayt həm informasiya platforması, həm də yaddaş arxivi funksiyasını yerinə yetirə bilər.
Məsələn, hər bir kənd haqqında ayrıca material hazırlanması çox əhəmiyyətlidir. Kəndin tarixi, adı, əhalisi, tanınmış insanları, məktəbi, məscidi, qəbiristanlığı, deportasiya tarixi, həmin kənddən çıxmış insanların xatirələri bir yerdə toplanarsa, gələcək nəsillər üçün çox qiymətli mənbə yaranar.
Media həm də insanların şəxsi yaddaşını qorumaq imkanına malikdir. Bu baxımdan deportasiya.az-ın Qərbi Azərbaycanın canlı yaddaşını toplayan bir platformaya çevrilməsini arzu edərdim.
– Sizcə, Qərbi Azərbaycan məsələsinin beynəlxalq auditoriyaya çatdırılmasında əsas problem nədir?
– Əsas məsələ faktların sistemli şəkildə təqdim edilməsidir. Biz tarixi həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırarkən emosiyadan daha çox sənədə, fakta və beynəlxalq hüquqa söykənməliyik.
Qərbi Azərbaycan məsələsini beynəlxalq auditoriyaya izah edərkən deməliyik ki, söhbət keçmişə qayıtmaq üçün yeni münaqişə yaratmaqdan getmir. Söhbət zorla deportasiya edilmiş insanların hüquqlarının bərpasından gedir.
Biz sülh tərəfdarıyıq. Biz Ermənistan xalqı ilə düşmənçilik istəmirik. Əksinə, iki xalqın gələcəkdə birgəyaşayışının mümkün olduğuna inanırıq. Amma davamlı sülh üçün tarixi ədalət və insanların hüquqları da nəzərə alınmalıdır.
– deportasiya.az yalnız xəbər saytı olmalıdır, yoxsa Qərbi Azərbaycanın yaddaş arxivi funksiyasını da üzərinə götürməlidir?
– Mən ikinci variantı daha doğru hesab edirəm. Xəbər saytları çoxdur. Amma Qərbi Azərbaycan məsələsini kənd-kənd, insan-insan, sənəd-sənəd toplayan və gələcək nəsillərə çatdıran xüsusi media arxivinə böyük ehtiyac var.
Bu baxımdan deportasiya.az qarşısına uzunmüddətli məqsəd qoya bilər: Qərbi Azərbaycanın rəqəmsal yaddaşını yaratmaq.
Təsəvvür edin, gələcəkdə bir insan sayta daxil olur, öz kəndinin adını yazır və həmin kənd haqqında bütün məlumatları – xəritəni, tarixini, əhalisini, fotoşəkilləri, sənədləri, deportasiya məlumatlarını, oradan çıxmış tanınmış insanları və sakinlərin xatirələrini tapa bilir. Bu, çox böyük iş olar.
– Ölkə rəhbəri İlham Əliyev çıxışlarında Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma torpaqlarına qayıdış hüququ məsələsini dəfələrlə gündəmə gətirib. Prezidentin bu məsələyə göstərdiyi diqqəti necə qiymətləndirirsiniz?
– Bu məsələ ilə bağlı ən böyük siyasi dəstəyimiz dövlət başçısının mövqeyidir. Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdış məsələsini dəfələrlə ən yüksək səviyyədə gündəmə gətirib və bu məsələyə münasibətini çox aydın şəkildə ortaya qoyub.
Xüsusilə 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında ziyalılarla görüşü və orada səsləndirdiyi fikirlər Qərbi Azərbaycana qayıdış ideyasının yeni mərhələyə keçməsi baxımından mühüm hadisə oldu. Sonrakı çıxışlarında da dövlət başçısı bu mövqeyini davamlı şəkildə təsdiqlədi.
Bu diqqət və siyasi iradə bizim üçün həm böyük dəstək, həm də böyük məsuliyyətdir. Çünki dövlət başçısının müəyyən etdiyi istiqamət qarşısında İcmanın üzərinə düşən vəzifə həmin siyasəti sistemli, hüquqi və beynəlxalq müstəvidə həyata keçirməkdir.
– Prezidentin bu məsələyə münasibətində sizi ən çox ümidləndirən məqam hansıdır?
– Məni ən çox ümidləndirən məqam Prezidentin Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdacağına inamını açıq şəkildə ifadə etməsidir.
Bu, bizim üçün sadəcə siyasi bəyanat deyil. Bu, Qərbi Azərbaycandan deportasiya olunmuş insanların uzun illər ərzində yaşatdığı qayıdış ümidinin dövlət səviyyəsində ifadəsidir.
Dövlət başçısının bu mövqeyi soydaşlarımızda böyük inam yaradıb. İnsanlar artıq öz doğma kəndlərinin, rayonlarının adını yalnız keçmişin xatirəsi kimi deyil, gələcəyin bir parçası kimi düşünürlər. Prezidentin “İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq” fikri də məhz bu inamın ifadəsidir.
– Bəzən belə sual səslənir: Qərbi Azərbaycana qayıdış yalnız siyasi şüar olaraq qalacaq, yoxsa real perspektivə çevrilə bilər?
– Mən hesab edirəm ki, bu məsələyə “şüar” kimi yanaşmaq düzgün deyil. Qayıdış artıq siyasi, hüquqi və ictimai prosesə çevrilib.
Biz bu gün qayıdışın hüquqi əsaslarını hazırlayırıq, tarixi faktları sənədləşdiririk, beynəlxalq təşkilatlarla əlaqələr qururuq, xaricdə bu məsələni gündəmə gətiririk, soydaşlarımızı təşkilatlandırırıq.
Ən başlıcası isə qayıdış ideyası insanların yaddaşında yenidən canlı bir məqsədə çevrilib.
Bizim qarşımızdakı yol asan deyil. Amma tarixdə heç bir böyük məqsəd bir gündə həyata keçməyib. Əgər bir xalq öz haqqını unutmursa, onu hüquqi və sülh yolu ilə müdafiə edirsə və dövlətinin siyasi iradəsi bu məsələnin arxasındadırsa, həmin məqsədin gələcəyə çevrilməsi mümkündür.
– Sonda, cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan məsələsinə göstərdiyi diqqət və qayğı ilə bağlı xüsusilə gənc nəslə hansı mesajı vermək istərdiniz?
– Mən gənclərimizə demək istəyirəm ki, Qərbi Azərbaycan məsələsinə yalnız keçmişin ağrısı kimi baxmasınlar. Bu, həm də gələcəyə baxış məsələsidir.
Biz öz tariximizi bilməli, doğma yurdlarımızı tanımalı, babalarımızın yaşadığı kəndləri, şəhərləri, toponimləri, mədəni irsimizi öyrənməliyik. Amma bunu nifrət üzərində deyil, tarixi həqiqət, hüquq və sülh üzərində etməliyik.
Bizim məqsədimiz kiminsə torpağını almaq deyil. Bizim məqsədimiz öz ata-baba torpaqlarımızda yaşamaq hüququmuzun bərpasıdır.
Cənab Prezident İlham Əliyevin bu məsələyə diqqəti və siyasi iradəsi bizə böyük məsuliyyət qoyur. Biz bu məsuliyyəti yerinə yetirməliyik.
Çünki Qərbi Azərbaycana qayıdış yalnız bugünkü nəslin arzusu deyil. Bu, deportasiya olunmuş ata-babalarımız qarşısında borcumuz, gələcək nəsillər qarşısında məsuliyyətimizdir.