17 iyul 2026, 08:58
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli Şuşa Qlobal Media Forumunun əhəmiyyəti, Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi mesajların beynəlxalq ictimaiyyətə təsiri, rəqəmsal dövrdə etibarlı informasiya mühiti və Azərbaycan mediasının qarşıdakı dövr üçün prioritetləri ilə bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik:
- Əziz müəllim, Şuşa Qlobal Media Forumunun artıq ənənəvi platformaya çevrilməsi Azərbaycanın beynəlxalq media məkanındakı mövqeyinə hansı töhfələri verir?
- Şuşa Beynəlxalq Media Forumunun ənənəvi xarakter alması Azərbaycanın qlobal informasiya müstəvisindəki statusunu müdafiə mövqeyindən çıxararaq, təşəbbüskar və gündəm müəyyən edən aparıcı rola yüksəldir. Bu platforma Şuşanı təkcə mədəniyyətimizin beşiyi kimi deyil, həm də dünya mediasının qabaqcıl çağırışlarının, rəqəmsal etika və dezinformasiya ilə mübarizə mövzularının müzakirə edildiyi qlobal intellektual mərkəz kimi təqdim edir. Nüfuzlu beynəlxalq jurnalistlərin bölgədəki reallıqları öz gözləri ilə görüb işıqlandırması isə ölkəmizə qarşı qurulmuş informasiya sədlərini tamamilə yarır. Nəticədə, bu forum Azərbaycanın haqq səsini qlobal müstəviyə daşıyan, həm diplomatik, həm də intellektual çəkisi olan strateji bir tribunaya çevrilir. Həmçinin Şuşa təkcə tarixi-mədəni irsi ilə deyil, həm də beynəlxalq analitik fikrin, peşəkar müzakirələrin mərkəzi kimi qlobal miqyasda vizit kartı qazanır.
- Azərbaycan mediasının milli maraqları qorumaqla obyektivlik və peşə etikası prinsiplərinə sadiqliyi arasında tarazlığı necə qiymətləndirirsiniz?
- Bu tarazlıq Azərbaycan mediasının milli kimlik və peşəkar yetkinlik imtahanıdır. Prezident İlham Əliyevin medianın cəmiyyətdəki roluna verdiyi xüsusi önəm, onun jurnalistləri "cəmiyyətin güzgüsü" və dövlət idarəçiliyində ictimai nəzarətin ən mühüm aləti kimi görməsi yerli mətbuatımızın üzərinə böyük bir məsuliyyət qoyur. Milli maraqları qorumaq obyektivlikdən uzaqlaşmaq deyil; ölkə rəhbərinin də hər zaman vurğuladığı kimi, həqiqəti və ədaləti təhrifsiz, peşəkar şəkildə dünyaya çatdırmaqdır. Bu gün mediamız dövlət başçısının bu ali yanaşmasından güc alaraq, bir tərəfdən informasiya təhlükəsizliyimizi qoruyur, digər tərəfdən isə peşə etikasını rəhbər tutaraq dezinformasiya selinə qarşı etibarlı bir sipər rolunu oynayır.
- Rəqəmsal media və sosial şəbəkələrin sürətlə inkişaf etdiyi bir dövrdə cəmiyyətin doğru və etibarlı informasiya ilə təmin olunması üçün hansı mexanizmlər daha effektivdir?
- Rəqəmsal dövrün yaratdığı informasiya xaotikliyi və dezinformasiya dalğası fonunda cəmiyyətin etibarlı məlumatla təmin olunması çoxşaxəli və çevik mexanizmlər tələb edir. Bu istiqamətdə ən effektiv addım, ilk növbədə, peşəkar medianın operativliyini artıraraq sosial şəbəkələrin sürəti ilə rəqabət apara biləcək səviyyəyə çatdırılmasıdır. Çünki rəsmi və dürüst mənbə gecikdikdə, yaranan boşluğu şayiələr doldurur.
Bununla yanaşı, dövlət strukturlarının, media qurumlarının və vətəndaş cəmiyyətinin birgə fəaliyyətinə əsaslanan müstəqil fakt-yoxlama (fact-checking) platformalarının yaradılması və dəstəklənməsi yalan xəbərlərin yayılmasının qarşısını alan ən sürətli süzgəclərdən biridir. Nəhayət, ən fundamental və uzunmüddətli mexanizm cəmiyyətdə media savadlılığının artırılmasıdır. İnsanların istehlak etdikləri informasiyaya tənqidi yanaşmasını təmin etmək, onlara xəbərin mənbəyini sorğulamaq vərdişini aşılamaq rəqəmsal manipulyasiyalara qarşı ən güclü və keçilməz intellektual qaladır.
- Sizcə, Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi mesajların beynəlxalq media nümayəndələrinin iştirakı ilə çatdırılması Azərbaycanın informasiya diplomatiyası baxımından hansı əhəmiyyətə malikdir?
- Dövlət başçısının Şuşadan – tarixi və mənəvi ucalığı olan bir məkandan səsləndirdiyi mesajların beynəlxalq media nümayəndələrinin birbaşa iştirakı ilə dünyaya çatdırılması Azərbaycanın informasiya diplomatiyasında keyfiyyətcə yeni, hücummeyilli və sarsıdıcı bir mərhələdir.
Bu yanaşmanın strateji əhəmiyyəti ondan ibarətdir ki, Prezident İlham Əliyev dünya miqyaslı jurnalistlərlə heç bir vasitəçi olmadan, canlı, səmimi və tamamilə açıq dialoq qurur. Şuşada keçirilən bu görüşlər zamanı dövlət başçısının qlobal suallara yerindəcə, yüksək intellektual diplomatik dillə verdiyi cavablar beynəlxalq ictimaiyyətdə ölkəmizin daxili və xarici siyasəti barədə tam və dürüst təsəvvür yaradır. Eyni zamanda, dünya mediasının aparıcı simalarının bu mesajları məhz erməni işğalından və vandalizmindən azad olunmuş, bu gün isə sürətlə yenidən qurulan Şuşadan yayması Azərbaycanın haqlı davasını və qələbə reallıqlarını qlobal auditoriyaya ən təbii və inandırıcı şəkildə təqdim edir. Nəticədə, Şuşa sadəcə bəyanatların verildiyi məkan deyil, Azərbaycanın milli gücünü, ərazi bütövlüyünü və regional sülh çağırışlarını dünya gündəminə birbaşa diktə edən qlobal bir informasiya mərkəzi statusu qazanır.
- Azərbaycan mediasının qarşıdakı dövrdə milli həmrəyliyin, dövlətçilik dəyərlərinin və cəmiyyətin informasiya təhlükəsizliyinin möhkəmləndirilməsində prioritetləri nələr olmalıdır?
- Qarşıdakı dövrdə Azərbaycan mediasının əsas missiyası sadəcə xəbər ötürmək deyil, dövlətçilik dəyərlərinin qoruyucusu və milli maraqların intellektual sipəri olmaqdır. Bu müstəvidə mediamızın qarşısında duran ən mühüm prioritet milli həmrəyliyi sarsıtmağa yönəlmiş xarici informasiya təzyiqlərinə və manipulyasiyalara qarşı cəmiyyətdə güclü immunitet formalaşdırmaqdır. Xüsusilə regional və qlobal geosiyasi dəyişikliklər fonunda, dövlətimizin əldə etdiyi tarixi qələbələri və yeni reallıqları gənc nəslə bədii, ideoloji və tarixi cəhətdən dolğun aşılamaq medianın əsas strateji xəttinə çevrilməlidir.
Digər tərəfdən, cəmiyyətin informasiya təhlükəsizliyini təmin etmək üçün yerli medianın xarici tezislərdən və dezinformasiya qaynaqlarından asılılığını tamamilə aradan qaldırmaq lazımdır. Bu isə yalnız və yalnız operativ, dəqiq və peşəkar milli kontentin yaradılması, xüsusən də rəqəmsal platformalarda və sosial şəbəkələrdə Azərbaycanın dövlət maraqlarını müdafiə edən çevik informasiya mexanizmlərinin qurulması ilə mümkündür. Bir sözlə, yeni dövrün mediası milli birliyi möhkəmləndirən mənəvi körpü və dövlətin informasiya sərhədlərini qoruyan sarsılmaz bir qala rolunu oynamalıdır.