Xəbərlər

Əziz Ələkbərli: “Zəngilanın azad olunması strateji əhəmiyyət daşıyırdı”
20 oktyabr 2024, 19:45

Zəngilan Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası 636-cı ildə qoyulub. Rayonun ərazisində aparılan arxeoloji qazıntılar zamanı e. ə. IV -II əsrlərə aid edilən sikkələr aşkar edilib. Bunların əksəriyyəti isə Makedoniyalı İsgəndərin adına zərb olunan sikkələrdir.
Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Sahəsi 0,71 min kvadratkilometr olan Zəngilan rayonunda əsasən dağlıq ərazilər üstünlük təşkil edir. Dağlıq hissələrdə sıx meşələr yayılıb. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar var.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışdılar.
Zəngilan həsrəti ilə yaşayan bu insanlar bütün çətinliklərə baxmayaraq, doğma torpaqlarının işğaldan azad olunacağı günü düz 27 il gözlədilər. Uzun illər arzuladılar və nəhayət 20 oktyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu onların xəyallarını gerçəkləşdirdi. Bu rayonun işğaldan azad edilməsi xüsusi strateji əhəmiyyət daşıyırdı.”

Bu sözləri aia.az-a müsahibəsində millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir

Millət vəkili qeyd edib ki, “2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Zəngilanın işğaldan azad olunması ilə işğal altında qalmış Azərbaycan-İran sərhədi 132 kilometr məsafədə bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri, parallel olaraq bərpa-quruculuq işləri görülməyə başladı.”
Əziz Ələkbərli bildirib ki, “bu gün işğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürrətlə davam edir. İlk bərpa edilən kəndlər isə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri oldu. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən quruldu. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikildi. Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşdü.

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var. Bütün bu obyektlərin açılışında Prezident İlham Əliyev iştirak edib. Cənab Prezident işğaldan azad olunduqdan sonra Zəngilana 6 dəfədən artıq səfər edib. Onun hər bir səfərində Zəngilanda yeni-yeni tikililərin şahidi oluruq. Zəngilan Azərbaycan dövləti üçün strateji əhəmiyyətli rayondur. Digər rayonlar kimi Zəngilanda aparılan bərpa-quruculuq işlərinə də Prezident İlham Əliyev xüsusi diqqət yetirir. Məhz buna görə də dövlətimiz regionların, eləcə də işğaldan azad olunan rayonların inkişafı missiyasını uğurla icra edir.”
 

https://aia.az/96198-eziz-elekberli-zengilanin-azad-olunmasi-strateji-ehemiyyet-dasiyirdi.html