Bəyanatlar

Fransanın Ermənistana silah satışı ilə əlaqədar bəyanat
18 iyun 2024, 21:55

Fransa Cənubi Qafqaz regionuna soxulmaq üçün orada vəziyyəti gərginləşdirən addımlar atır. 2024-cü il 18 iyun tarixində Fransadan Ermənistana “CAESAR” markalı özüyeriyən artilleriya qurğuları və onlar üçün mərmilərin satışı barədə müqavilə imzalanmışdır.

Silah satışı ilə eyni gündə bir qrup fransız siyasətçisi Fransa prezidentinə müraciət edərək Ermənistana qoşun göndərməyə dair çağırış etmişdir. Bunun təşkil olunmuş kampaniya olması heç kimdə şübhə doğurmur. Açıq-aydın görünür ki, Fransa regionda təxribat törətməyə və yaranacaq vəziyyətdən sui-istifadə edərək oraya qoşun göndərməyə çalışır.

Qərbi Azərbaycan İcması Fransanın təhlükəli oyunlarını və qəbulolunmaz təxribatlarını ən sərt şəkildə qınayır.

Ermənistan rəhbərliyinin bir tərəfdən sülhdən danışıb, digər tərəfdən hücum silahları alması ziddiyyətlidir. Bununla əlaqədar olaraq, İcma Ermənistandan Fransanın təxribatlarına uymamağı, həyata keçirməkdə olduğu irimiqyaslı silahlanma proqramına son verməyi və Azərbaycanla sülh yolunu tutmağı tələb edir.