Xəbərlər

Gənc rəssamın "Müşahidələrin fraqmenti" adlı fərdi yaradıcılıq sərgisi keçiriləcəkdir
18 aprel 2024, 17:44

Gənc rəssam Reyhan Aslanovanın “Müşahidələrin fraqmentləri” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcəkdir. Sərginin açılışı Xətai Sənət Mərkəzində (ünvan: Bakı şəhəri,  Xocalı prospekti,  62) 2024-cü il aprel ayının 20-də, saat 16:00-da baş tutacaqdır.

Qeyd edək ki, Reyhan Aslanova 1 noyabr 1995-ci ildə Bakı şəhərində anadan olub. Ata yurdu Qərbi Azərbaycanın Amasiya rayonudur.

2016-2020-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rəssamlıq fakültəsində təhsil alıb. Bakalavr təhsili müddətində dünya rəssamlarının müxtəlif texnikalarını, üslublarını öyrənib.

2019-cu ildə həm Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, həm də Azərbaycan Teatr Xadimləri İttifaqında müstəqil bədii rəhbər, 2020-2022 -ci illərdə “İDRAK” liseyində təsviri sənət müəllimi kimi çalışıb. 2022-ci ildən bu günədək Bakı İstanbul Liseyində təsviri sənət müəllimi, 2017-ci ildən bu günədək isə “Şəxsi Sənət” Studiyasında direktor vəzifəsində çalışır.

Rəssam bir sıra təltif  və mükafatlara layiq görülüb. Laçın şəhərində Simpozium Plenerə görə – Passaj Sənət Qalereyasının diplomu,“Art Zone” Qəbələ Simpoziumunda iştirakına görə – “Art Zone”-nin diplomu, Nizami Gəncəvi ili Mükafatı və Diplomu – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diplomu), 2 fevral Gənclər Günü Mükafatı (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mükafatı), 10 mart – Milli Teatr Günü Mükafatı Plakat sərgisində iştirakına görə – Teatr Xadimləri İttifaqının diplomu onun layiq görüldüyü təltiflərdəndir.

Sərgidə rəssamın rəngkarlıq və qrafika olmaqla 100-dək əsərinin nümayişi nəzərdə tutulur. Sərgidə nümayiş olunacaq əsərlərin böyük əksəriyyəti rəssamın ata yurdu olan Qərbi Azərbaycanın təbiət mənzərələrini və tarixi abidələrini əks etdirir.