14 oktyabr 2026, 17:50
Bakı Dövlət Universitetində (BDU) görkəmli alim, professor Misir Mərdanovun 80 illik yubileyinə həsr olunan konfrans keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və Qərbi Azərbaycan İcmasının üzvləri iştirak ediblər.
Əvvəlcə Misir Mərdanovun həyat və fəaliyyətini, elm və təhsil sahəsindəki xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında universitetin yetirmələrinin qazandığı uğurların ali təhsil ocağı üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, Misir Mərdanovun həm BDU-nun inkişafında, həm də bütövlükdə Azərbaycan təhsilinin və elminin tərəqqisində özünəməxsus yeri var. Rektor alimin uzun illər ərzində formalaşdırdığı elmi irsin, pedaqoji fəaliyyətinin və yetişdirdiyi mütəxəssislərin onun zəngin fəaliyyətinin mühüm göstəriciləri olduğunu vurğulayıb.
Elçin Babayevin çıxışından sonra Misir Mərdanova Bakı Dövlət Universitetinin kollektivi adından yubiley hədiyyələri təqdim olunub.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Misir Mərdanovun yalnız tanınmış alim deyil, həm də xalqımızın ictimai və elmi həyatında mühüm yeri olan şəxsiyyətlərdən biri olduğunu bildirib. O, Qərbi Azərbaycan İcması adından yubilyarı təbrik edərək Misir Mərdanovun xidmətlərinin yüksək qiymətləndirildiyini qeyd edib. Əziz Ələkbərli əminliyini ifadə edib ki, gələcək yubiley tədbirlərindən biri ata-baba torpaqlarımızda keçiriləcək və Misir müəllimin növbəti yubileyi doğma yurdlarda qeyd olunacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyadxan Əliyev, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası sədrinin müavini, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov və ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənov da çıxış ediblər. Çıxış edənlər Misir Mərdanovla bağlı xatirələrini bölüşüb, onun Azərbaycan təhsilinin inkişafı, təhsil idarəçiliyinin təkmilləşdirilməsi və elmi potensialın gücləndirilməsi istiqamətində gördüyü işlərdən danışıblar.
Sonda söz yubilyara verilib. O, tədbirin yüksək səviyyədə təşkili və göstərilən diqqətə görə Universitet rəhbərliyinə təşəkkür edib. Ömrünün 62 ilini BDU-ya həsr etdiyini deyən alim bundan sonra da ölkəmizdə elm və təhsilin, Bakı Dövlət Universitetinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib: “Bakı Dövlət Universiteti Azərbaycanın ali məktəblərinin flaqmanıdır. Mən doğma Universitetin kollektivinə daha böyük uğurlar arzulayıram. Ömrümün qalan hissəsində də Universitetin şərəfini qaldırmağa, ona xidmət etməyə çalışacağam”.
Qeyd edək ki, Misir Cumayıl oğlu Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın Karvansaray rayonunun Göyərçin kəndində anadan olub. Görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, professor 2026-cı il oktyabrın 3-də 80 yaşını qeyd edib. O, 1996–1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998–2013-cü illərdə isə Azərbaycanın təhsil naziri vəzifəsində çalışıb.
Misir Mərdanov uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olub, fundamental elmi əsərlərin və dərsliklərin müəllifi kimi tanınıb. Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, 2006-cı ildə “Şöhrət”, 2021-ci ildə isə birinci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib. Prezident İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Misir Mərdanov elmi-pedaqoji sahədəki böyük xidmətlərinə görə “Şərəf” ordeninə də layiq görülüb.















