Xəbərlər

Görkəmli dövlət xadimi, diplomat, şair və dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı nekroloq
14 iyun 2026, 15:00

Azərbaycanın ictimai-siyasi, mədəni və diplomatik həyatında silinməz izlər qoymuş dövlət xadimi, Qərbi Azərbaycan İcmasının Ağsaqallar Şurasının üzvü, şair və dramaturq Hidayət Orucov 2026-cı il iyunun 13-də vəfat etmişdir.

Hidayət Orucov 1944-cü ildə Qərbi Azərbaycanda anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirdikdən sonra gənc yaşlarından etibarən həm ədəbi yaradıcılıq, həm də ictimai fəaliyyətlə aktiv məşğul olmağa başlamışdır. Bir müddət Qərbi Azərbaycanda orta məktəbdə müəllim, "Sovet Ermənistanı" qəzetində ədəbi işçi işləmiş, 1968-ci idə C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş və on altı il Azərbaycanın bu qədim sənət ocağına rəhbərlik etmişdir.

Hidayət Orucov Ermənistan Yazıçılar İttifaqının Azərbaycan Ədəbiyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX–XX əsr Azərbaycan ədəbiyyatından dərs demiş, onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə "Ədəbi Ermənistan" məcmuəsi nəşr olunmuşdur.

Hidayət Orucov İrəvanda ədəbiyyatın və incəsənətin inkişafındakı xidmətlərinə görə 1978-ci ildə Ermənistan SSR Əməkdar mədəniyyət xadimi fəxri adına layiq görülmüş, lakin 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, soydaşlarımızın deportasiya və soyqırımı siyasətinə etiraz olaraq bu fəxri addan imtina etmişdir.

1984-cü ildə Bakıya köçərək "Gənclik" nəşriyyatının baş redaktor müavini, sonra baş redaktoru vəzifələrində işləmişdir. "Gənclik" nəşriyyatında onun baş redaktor olduğu müddətdə 50 cildlik "Dünya Uşaq Ədəbiyyatı Kitabxanası"nın nəşri Azərbaycanın kitab mədəniyyəti tarixində mühüm hadisədir.

Hidayət Orucov 1992-ci ildən 1993-cü ilədək Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, 1993–2005-ci illərdə Azərbaycan Respublikası milli siyasət məsələləri üzrə dövlət müşaviri, 2005–2006-cı illərdə Azərbaycan Respublikası milli azlıqlarla və dini qurumlarla iş üzrə dövlət müşaviri vəzifələrində çalışmış, 2006-2012-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olmuşdur. 2012-ci ildə Hidayət Orucova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmiş və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş, 2021-ci ilə qədər bu vəzifədə çalışmışdır.

Hidayət Orucov dövlətə, dövlətçiliyə və mədəniyyətə xidmətlərinə görə Əməkdar incəsənət xadimi fəxri adı, "Şöhrət" ordeni, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuş və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Hidayət Orucov bütün fəaliyyəti dövründə Azərbaycan həqiqətlərinin dünyada yayılması ilə məşğul olmuş, Qərbi Azərbaycanda soydaşlarımızın yaratmış olduğu zəngin və qədim mədəni irsi tədqiq və təbliğ etmişdir. Görkəmli dövlət xadimi, diplomat və fədakar ziyalı Hidayət Orucovun əziz xatirəsi onu sevənlərin və bütün Qərbi azərbaycanlıların qəlbində əbədi yaşayacaqdır.

Qərbi Azərbaycan İcması mərhumun doğmalarına, yaxınlarına, həmkarlarına və bütün Azərbaycan ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin! Ruhu şad olsun!