Gənclər və İdman Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Göygöl rayonunda “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” gənclər düşərgəsinin açılışı olub.
Düşərgə iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər. Göygöl rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədr müavini, Gənclər Birliyinin üzvü Şahin İsmayılov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Orucəli Abbaszadə, “ASAN Könüllüləri” Təşkilatının sədri Anar Musayev və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova çıxış ediblər.
Çıxış edənlər düşərgənin gənclərin vətənpərvər ruhda yetişməsində, tariximizə və milli-mənəvi dəyərlərə bağlılığının daha da möhkəmləndirməsindəki rolundan danışıblar. Həmçinin Qərbi Azərbaycan reallıqlarının gənclərə faktlar əsasında çatdırılmasının vacibliyini vurğulayaraq, könüllüləri beynəlxalq ictimaiyyətin soydaşlarımızın ata-baba yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi ilə bağlı düzgün məlumatlandırılmasında fəallıq göstərməyə çağırıblar. Bildirilib ki, könüllülər Prezidentin göstəriş və tövsiyələri əsasında, Qərbi Azərbaycan İcması tərəfindən həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aparılan məqsədyönlü fəaliyyətə cəlb edilməlidir. Çıxışlarda, həmçinin düşərgədə iştirak edən gənclərin bu prosesə daha mütəşəkkil formada qoşulacağına və tarixi ədalətin bərpa olunmasına öz töhfələrini verəcəklərinə inam ifadə edilib.
Qeyd edək ki, Göygöl Olimpiya İdman Kompleksində dekabrın 24-dək davam edəcək gənclər düşərgəsində “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin könüllüləri iştirak edir.
Düşərgənin məqsədi ölkəmizin müasir tarixinin aktual mövzuları, Qərbi Azərbaycan həqiqətləri ilə bağlı könüllülərin daha geniş məlumatlandırılması və onların proqram əsaslı işinin təşkil edilməsi, həmçinin Azərbaycan həqiqətlərinin yerli və beynəlxalq ictimaiyyət arasında mütəşəkkil yayılmasında könüllülərin fəallığının təşviq olunmasıdır.