Xəbərlər

Heydər Əliyev Sarayında Qərbi Azərbaycan İcmasının və “Ulu Göyçə” şirkətinin təşkilatçılığı ilə “Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı möhtəşəm konsert keçirilib
31 may 2024, 10:36

Bakıda Heydər Əliyev Sarayında Qərbi Azərbaycan İcmasının və “Ulu Göyçə” şirkətinin təşkilatçılığı ilə “Göyçə aşıq məktəbi – dünən və bu gün” adlı möhtəşəm konsert keçirilib.

Məlum olduğu kimi, Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin beşiyi olan Göyçə aşıq məktəbinə sağalmaz yara vurmuşdur. Bununla belə, Göyçə aşıq məktəbinin davamçıları və təəssübkeşləri öz mətanətləri və misilsiz bədii-estetik ustalıqları ilə ozan-aşıq sənətinin minillik ənənələrini yaşadırlar.

Göyçə aşıq sənətinə həsr olunmuş ilk irimiqyaslı konsertin bədii rəhbəri məşhur “Dalğa” qrupunun rəhbəri, Göyçə aşıq məktəbinin davamçılarından olan, əvəzsiz sənətkar Çingiz Mehdipurdur.

Konsertdən əvvəl qonaqlar foyedə Qərbi Azərbaycanın tarixi abidələrini, təbiət mənzərələrini, xəritələrini, 1987-91-ci illərdə Ermənistan SSR-dən zorla çıxarılmış Qərbi azərbaycanlıların qaçqınlıq həyatını əks etdirən fotosərgi ilə tanış olublar. Sərgidə həmçinin Göyçə mahalının Qaraqoyunlu kəndinin 3D formatında yığılmış maketi də Dr.Bəxtiyar Qəhrəmanov tərəfindən nümayiş olunub.

Konsertdə Göyçə aşıqlarından Aşıq Ramin Qarayev, Aşıq Nazim Quliyev, Aşıq Əli Zeynalabdinov, Aşıq Xatirə Məmmədxanlı, eləcə də Xalq artisti Alim Qasımov, Aşıq Əfsanə Kərimova, Aşıq Ayşən Mehdiyeva, Aşıq Salar Mehdipur, Xalq artisti Samir Cəfərov, Aşıq Əli Novruzi, Aşıq Çingiz Mehdipur, Aşıq Nəbi Nağıyev, Əməkdar artist Fərqanə Qasımova, Xanəndə Mirələm Mirələmov, Aşıq Məhbub Əbdi, Aşıq Behnam Məliki bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edib, Göyçə aşıq sənətinin, Qərbi Azərbaycan saz havalarının parlaq nümunələri ilə qonaqlara unudulmaz anlar yaşadıblar.