Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 iyul 2023-cü il tarixində Şuşa Qlobal Media Forumunda etdiyi çıxışında Ermənistan və Azərbaycan arasında baxılmaqda olan sülh sazişi kontekstində aşağıdakıları bildirmişdir:
“Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır.”
Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması və qayıtdıqdan sonra onların orada fərdi və kollektiv hüquqlarının təmin edilməsi haqq-ədalətin tələbi olmaqla bərabər, Ermənistan və Azərbaycan arasında davamlı sülhün rəhnidir.
Prezident İlham Əliyevin bizim öz evimizə qayıtmağımız və hüquqlarımız məsələsini saziş üzrə aparılan danışıqların müstəvisinə gətirilməsinə dair son bəyanatı sülh və ədalətin bərqərar olunması yolunda növbəti tarixi bir inkişafdır.
Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların təmin edilməsi istiqamətində həyata keçirdiyi prinsipial və ardıcıl siyasətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərindən təşəkkür edir.
Azərbaycan hökumətinin insan hüquqlarının aliliyinə əsaslanan bu siyasəti bizi qayıdış hüququmuzun təmin edilməsinə xidmət edən haqq işimizi daha əzmlə həyata keçirmək üçün əlavə səylər göstərməyə ruhlandırır.