Dekabrın 6-da Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda təşkil etdiyi II Beynəlxalq Konfransın iştirakçıları və İcmanın üzvləri Zirə Mədəniyyət Mərkəzi - EKO Parkı ziyarət ediblər.
Qonaqlar əvvəlcə Eko Parkın ərazisində ağac əkiblər. Sonra konfrans iştirakçıları “Vətənim Qərbi Azərbaycan” rəsm və xalça sərgisi ilə tanış olublar. Həmçinin Zirə Mədəniyyət Mərkəzində Qərbi Azərbaycana həsr olunmuş rəsm əsərlərinə baxış keçirilib.
Xalçalarla tanışlıq zamanı iştirakçılar Qərbi Azərbaycan xalçalarının naxışları olan kiçikölçülü xalçaların toxunuşu prosesində də iştirak ediblər.
Sonda “Qərbi Azərbaycanın zəngin mədəni irsi” (“Rich cultural heritage of Western Azerbaijan”) adlı film nümayiş etdirilib və konsert proqramı təşkil olunub.
Qeyd edək ki, dekabrın 5-6-da keçirilən “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda konfransda 51 ölkədən qonaqlar iştirak ediblər.
Konfrans zamanı 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub.