26 dekabr 2025, 00:22
Dekabrın 25-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfransın könüllüləri üçün mükafatlandırma mərasimi təşkil olunub.
Qərbi Azərbaycan İcmasında baş tutan tədbirdə konfransın yüksək səviyyədə və mütəşəkkil şəkildə keçirilməsində fəal iştirak edən könüllülərə sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.
Mərasimdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın artıq ənənəyə çevrilmiş III beynəlxalq konfransında könüllülərin böyük və fəal heyətlə təmsil olunduğunu vurğulayıb. O bildirib ki, bu konfrans Qərbi Azərbaycan həqiqətlərinin, xüsusilə də azərbaycanlıların mədəni irsinin sistemli şəkildə məhv edilməsi faktlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Sədr qeyd edib ki, Qərbi Azərbaycan İcması bundan sonra da ölkənin müxtəlif bölgələrində, eləcə də xarici ölkələrdə oxşar məzmunlu beynəlxalq tədbirlərin keçirilməsini davam etdirəcək.
Əziz Ələkbərli çıxışında könüllülərin İcmanın çağırışına operativ şəkildə cavab verdiklərini, konfransın təşkilati və texniki proseslərində məsuliyyətlə iştirak edərək tədbirin uğurla başa çatmasına mühüm töhfə verdiklərini xüsusi qeyd edib. O, gənclərə müraciət edərək Azərbaycan tarixinin, xüsusilə Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin öyrənilməsinin və gələcək nəsillərə düzgün şəkildə ötürülməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə könüllülük fəaliyyətinin böyük rol oynadığını bildirib.
Tədbirin sonunda III Beynəlxalq Konfransın keçirilməsində fəal iştirak edən könüllülərə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub, onların əməyinə və ictimai fəallığına görə təşəkkür ifadə edilib.




















