Xəbərlər

III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində NDU-da kitab təqdimatları keçirilib
22 iyun 2026, 09:05

III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Naxçıvan Dövlət Universitetində kitab təqdimatları keçirilib.

III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalı çərçivəsində Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan: Danışan izlərin işığında” və Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmovun “Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kənd orta məktəbi” kitablarının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açaraq Qərbi Azərbaycanın tarixi-mədəni irsinin, milli yaddaşının və təhsil ənənələrinin araşdırılması istiqamətində aparılan elmi fəaliyyətlərin əhəmiyyətindən danışıb. O, bu kimi nəşrlərin Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılması və elmi əsaslarla təbliği baxımından mühüm rol oynadığını bildirib.

Tədbir çərçivəsində professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan: Danışan izlərin işığında” kitabının Qərbi Azərbaycanın tarixi yaddaşı, mədəni irsi və yurd yerlərinin izlərini özündə əks etdirən mühüm araşdırma əsəri olduğu vurğulanıb.

Daha sonra professor Fərrux Rüstəmovun “Qərbi Azərbaycanın Çəmbərək rayonunun Cil kənd orta məktəbi” kitabının təqdimatı keçirilib. Təqdimat zamanı Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasının müdiri Xumar Məmmədova, Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının professoru, pedaqogika elmləri doktoru İsmayıl Əliyev, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix elmləri doktoru Emin Şıxəliyev və Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

Çıxışlarda qeyd olunub ki, təqdim olunan nəşrlər Qərbi Azərbaycanın tarixi, mədəni və təhsil irsinin öyrənilməsi, tarixi yaddaşın qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda iştirakçılar kitablarla yaxından tanış olublar.