Konfranslar

İkinci panel sessiya “Qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində” mövzusuna həsr olunub
03 iyun 2026, 21:38

Konfrans çərçivəsində keçirilən ikinci panel sessiya “Qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində” mövzusuna həsr olunub. Panelin moderatoru Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rizvan Nəbiyev olub.

Sessiyada Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, BDU-nun Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov, ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin professoru Daniel Vincelli və ADA Universitetinin dosenti Murat Özkaleli məruzələrlə çıxış ediblər.

Paneli açan Rizvan Nəbiyev bildirib ki, müasir dünyada məcburi köçkünlük problemi beynəlxalq ictimaiyyət qarşısında duran ən aktual çağırışlardan biri olaraq qalır və davamlı sülhün təmin olunması fundamental insan hüquqlarının, o cümlədən qayıdış hüququnun qorunmasından ayrılmazdır. O qeyd edib ki, beynəlxalq hüquq normaları çərçivəsində təhlükəsiz, könüllü və ləyaqətli qayıdışın təmin edilməsi bu gün qlobal gündəliyin mühüm məsələlərindən biridir.

Moderator çıxışında 2020-ci ildə Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqlara diqqət çəkərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini, bunun isə regionda sülh, əməkdaşlıq və inteqrasiya üçün yeni imkanlar yaratdığını vurğulayıb. O, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin, eləcə də sülh sazişi istiqamətində atılan addımların regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət etdiyini qeyd edib.

Rizvan Nəbiyev çıxışında Qərbi Azərbaycandan deportasiya edilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurdlarına qayıdış məsələsinə də toxunaraq, bu hüququn Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və digər mühüm beynəlxalq sənədlərdə təsbit olunduğunu diqqətə çatdırıb. O, son dövrdə Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq platformalarda Qərbi Azərbaycan İcmasının təhlükəsiz və ləyaqətli qayıdış hüququna dəstəyin ifadə olunmasının bu məsələnin beynəlxalq gündəlikdə artan əhəmiyyətini göstərdiyini bildirib.