02 may 2026, 17:56
Mayın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Azərbaycanın Göyçə və Qaraqoyunlu bölgələrinə aid “İlmələrdə yaşayan tariximiz” adlı sərginin açılış mərasimi keçirildi.
5 May – Xalçaçı Gününə həsr olunmuş sərginin açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Çəmbərək rayon icmasında qadınlarla iş üzrə məsul şəxs Aynurə Məhəmmədova, Çəmbərək İcmasının sədri, professor Əvəz Ələkbərov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, İcmanın sədr müavini, millət vəkili Hikmət Babaoğlu və Çəmbərək rayon icmasında mədəniyyət üzrə məsul şəxs Rüxsarə Adilqızı, Çəmbərək İcmasının beynəlxalq əlaqələr üzrə məsul şəxsi, Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova və s. çıxış etdilər. Sərginin tarixi və mədəni əhəmiyyətindən bəhs etdilər. Çıxışlarda qeyd olundu ki, təqdim olunan xalçalar yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də Qərbi Azərbaycanın tarixi yaddaşını, mədəni kimliyini və məişət ənənələrini yaşadan qiymətli irs nümunələridir. Bu cür sərgilər Azərbaycan mədəni izlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulandı. Eyni zamanda, xalçaçılıq sənətinin qadın yaradıcılığı ilə sıx bağlı olduğu və bu ənənənin yaşadılmasının milli irsin davamlılığı üçün xüsusi rol oynadığı diqqətə çatdırıldı.
Tədbirinin bədii hissəsində Səbinə Abbasovanın ifasında “İrəvanda xal qalmadı”, Əsmər Mehdizadənin ifasında “Qəşəngdir”, Röyal Heydarlının ifasında “Cəlili” musiqi nömrələri təqdim olundu, “Xəzri” rəqs qrupu isə “Şallı” rəqsi ilə çıxış edərək tədbirə xüsusi rəng qatdı.
Daha sonra qonaqlar sərgi ilə tanış oldular.
Qeyd edək ki, sərginin ekspozisiyasını Göyçə və Qaraqoyunlu bölgələrinə aid, vaxtilə həmin ərazilərdə yaşayan azərbaycanlı qadınlar tərəfindən toxunmuş xalçalar təşkil edir. Bu xalçalar 1987–1991-ci illərdə baş vermiş son deportasiya dalğası zamanı soydaşlarımız tərəfindən ən dəyərli və müqəddəs əşyalar kimi qorunaraq Azərbaycana gətirilmiş, bu günədək milli irsimizin canlı nümunəsi kimi yaşadılmışdır.
Təqdim olunan xalçalar əsasən İrəvan xalçaçılıq məktəbinə aid olsa da, onların ornament və naxış sistemində Gəncə, Qazax və Naxçıvan xalçaçılıq məktəblərinə xas bədii xüsusiyyətlər də aydın şəkildə hiss olunur. Xalçalarda istifadə olunan həndəsi elementlər, simvollar və kompozisiya quruluşu milli kimliyimizin dərin qatlarını əks etdirir.
Sərgidə nümayiş olunan nümunələrdə Göyçə və Qaraqoyunlu bölgələrinin zəngin təbiəti də öz bədii ifadəsini tapır. Xalça ornamentlərində əks olunan nərgiz, bənövşə və lalə motivləri həmin ərazilərin estetik ruhunu və yaddaşını bu günə qədər yaşadır.
Sərgi ziyarətçilərə Qərbi Azərbaycanın zəngin xalçaçılıq ənənələrini, bu sənətin daşıdığı tarixi yaddaşı və milli kimlik elementlərini yaxından tanımaq imkanı yaradır.
Sərgi 3 may 2026-cı il tarixinədək davam edəcək.




















