Konfranslar

“İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” mövzusunda beynəlxalq konfrans keçirildi
08 iyul 2024, 15:13

“İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdışın tarixi, mədəni və hüquqi əsasları” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər, hüquqşünaslar, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbirdə çıxış edən “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin sədri Xəyyam Əsgərov qonaqları salamlayaraq bildirdi ki, böyük zəfərdən sonra Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda bərpa-yenidənqurma işləri həyata keçirir, keçmiş məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdırlar. Qərbi azərbaycanlı vətəndaşlarımız da sülh yolu ilə, öz dədə-baba yurdlarına qayıdıb orada yaşamalıdırlar. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxışında tədbirin mövzusunun aktuallığına və əhəmiyyətinə toxundu. İcma sədri tədbirin mövzusu ilə bağlı hər üç aspektə münasibət bildirərək vurğuladı ki, ermənilər bu ərazilərə köçürüldükdən sonra oradakı Azərbaycan izlərini yer üzündən silmək siyasəti yürüdüblər. Tarixi abidələrimiz ya erməniləşdirilib, ya da tamamilə məhv edilib. Konfransda çıxış edən Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç diqqətə çatdırdı ki, ermənilər Azərbaycan torpaqlarındakı tarixi izləri dəyişdiriblər. Bu gün dünyada heç kim bu barədə danışmır. Bu, azmış kimi, hətta Ermənistanı müdafiə edirlər. Səfir bildirdi ki, beynəlxalq ictimaiyyətin diqqəti bu məsələyə yönəldilməlidir. “Türkiyə olaraq biz hər zaman Azərbaycanın haqlı mübarizəsində yanında dayanmışıq, bundan sonra da olacağıq”. – Sitatın sonu. Tədbir mövzu ətrafında çıxışlarla davam etdi. Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü və Hüquq Komissiyasının sədri Zahid Cəfərov, QAİ Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, İrəvan Xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdar İrəvani Qərbi Azərbaycanın qədim dövrlərdən bəri xalqımızın doğma vətəni olduğunu sübut edən faktlardan, həmçinin Qərbi Azərbaycan ərazilərində Azərbaycanın mədəni irsi və bu irsin qorunması, yenidən canlandırılması istiqamətində danışdılar. Çıxışçılar - Fransadan beynəlxalq hüquq üzrə ekspert Joakinito Maria Aloqo Dö Obono, Türkiyədən TÜRKSAM sədri, doktor Sinan Oğan, Pakistanlı beynəlxalq hüquq üzrə mütəxəssis Mohammaed Sohail Sajid, İsrailli siyasi ekspert Mixail Finkel, Yaxın Şərq Qlobal Araşdırmalar Universitetinin professoru Said xan, Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Darya Qrevtsova və sairələri isə beynəlxalq hüququn normalarına əsaslanaraq, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri və bu prosesi həyata keçirmək üçün hüquqi mexanizmlərə diqqət çəkdilər. Konfransda ümumilikdə müxtəlif ölkələrdən 20-dən çox ekspert zoom vasitəsilə tədbirə qoşularaq fikir mübadiləsi apardılar.