
Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan həqiqətlərinin təbliği, xarici ölkə rəssamlarının yaradıcılığına Qərbi Azərbaycan mövzusunun gətirilməsi, İcmanın Türkiyənin sənət aləmində tanınmış şəxslərlə əlaqələrinin qurulması məqsədilə Bakıda Türkiyənin tanınmış rəssamı Ayfer Akbaşoğlunun əsərlərindən ibarət “İnsan hekayələri” adlı rəsm sərgisi təşkil olunacaqdır.
Ayfer Akbaşoğlu öz yaradıcılığında Qərbi Azərbaycan mövzusuna yer ayırmış, Qərbi Azərbaycanın tarixini, təbiət mənzərələrini, indiki Ermənistandan azərbaycanlıların zorla çıxarılması və onların qayıdış hüquqlarının tanınmasının əhəmiyyətini əks etdirən sənət əsərlərinin yaradılmasını və bu mövzuya ictimai diqqətin artırılmasını hədəfləyən sərgi üzərində çalışmalarını artıq başa çatdırmışdır.
Sərginin açılışı Bakıdakı “QGallery” Qalereyasında, 18 aprel 2025-ci il, saat 18:30-da baş tutacaq və 25 aprel 2025-ci ilədək davam edəcəkdir.
Sərginin açılış günü (18 aprel, saat 18:30) giriş yalnız dəvətnamə ilə, qalan günlərdə isə sərbəstdir.
Sərginin kuratoru: sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımovdur.
Qeyd edək ki, Ayfer Akbaşoğlu 1970-ci ildə İstanbulda anadan olub. İlk təhsilini Kadıköydəki Qızlar Litseyində almışdır. 2005-ci ildə Metin Bobaroğlunun tövsiyəsinə əsasən rəsm sənəti ilə məşğul olmağa başlamışdır. Rəssamlıq sənətini Aysu Koçak, Kasım Koçak, Erol Denec, Vural Yıldırımdan öyrənmiş, 2009-cu ildən öz emalatxanasını qurmuşdur. Daha çox akril və yağlı boya texnikasında işləyir. Onun fikrincə bir rəssam üçün xəyal qurmaq və bu xəyalları sənət dünyasına yansıtmaq əsl sevincdir. Görsənənlərin arxasındakı gizlinləri görmək, insanın fiziki sərhədlərinin arxasındakı ruhi varlığını kəşf etmək onun yaradıcılıq konseptinin əsasını təşkil edir.