24 dekabr 2025, 22:56
Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bununla bağlı açılış mərasimi keçirilib.
Tədbirdə mədəniyyət naziri Adil Kərimov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, İcmanın rəhbər şəxsləri, millət vəkilləri, teatrın kollektivi və mədəniyyət xadimləri iştirak ediblər. İştirakçılar əvvəlcə teatr binasında yaradılan müasir şəraitlə tanış olublar.
Daha sonra teatrın direktor əvəzi Zivər Abbasova görülən əsaslı təmir işləri, yaradılan infrastruktur və tamaşaçılar üçün formalaşdırılan imkanlar barədə məlumat verib.
Mədəniyyət naziri Adil Kərimli bildirib ki, bu günün mühüm hadisələrindən biri İrəvan Dövlət Azərbaycan Dram Teatrının əsaslı təmir-bərpa və yenidənqurmadan sonra yenidən fəaliyyətə başlamasıdır. Nazir qeyd edib ki, bu bina teatr təkcə yaradıcı kollektivin fəaliyyəti üçün məkan deyil, eyni zamanda, Azərbaycan teatr ənənəsini, Qərbi Azərbaycan yaddaşını və mədəni irsimizi yaşadan rəmzi bir ünvandır.
Teatrın keçdiyi tarixi yola nəzər salan nazir vurğulayıb ki, bu mədəni ocağın taleyi bölgənin mürəkkəb tarixi-siyasi prosesləri ilə sıx bağlı olub. Müxtəlif dövrlərdə baş verən hadisələr, azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş köçürülmələr və təzyiqlər teatrın fəaliyyətinə də təsirsiz ötüşməyib.
Nazir əlavə edib ki, bu tarixi dövrü öyrənmək və unutdurmamaq, xüsusilə gənc nəsil üçün vacibdir: “Bu teatrı həm sənət ənənəsini, həm də milli şüuru yaşadıb, qoruyub və təbliğ edib. Teatr illər boyu Azərbaycanın görkəmli müəlliflərinin qələmə aldığı əsərləri səhnəyə gətirərək milli ədəbi-bədii irsin yaşadılmasına xidmət göstərib”.
Açılış mərasimində çıxış edən Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, bu hadisə Azərbaycan teatr tarixi üçün mühüm mərhələ olmaqla yanaşı, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın milli-mədəni yaddaşının yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrı uzun illər Qərbi Azərbaycanda milli kimliyin və mədəniyyətin qorunmasında mühüm rol oynayıb.
Çıxışda vurğulanıb ki, teatr 1882-ci ildə yaradılıb və 1988-ci ilə qədər Qərbi Azərbaycanda fəaliyyət göstərib. Bu müddət ərzində teatr kollektivi xalqımızın üzləşdiyi soyqırımı, deportasiya və qaçqınlıq kimi ağır tarixi mərhələləri öz taleyində yaşayıb. Teatrın inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilib, onun təşəbbüsü ilə 1978-ci ildə teatrın Bakıya qastrol səfərinin təşkil edildiyi və kollektivin dövlət səviyyəsində yüksək diqqət və qayğı ilə əhatə olunduğu bildirilib:
"Cənab prezident 3 il əvvəl də bugünkü gündə Qərbi Azərbaycan İcmasının inzibati binasında oldu və “Biz mütləq öz ata-baba torpaqlarımıza qayıdacağıq”, – deyərək, yurd itkisinin qaranlığı çökmüş ürəklərdə ümid çırağı yandırdı.
Dünən, bu gün yenə doğma Qarabağda idi, biz qürurla Onun Xankəndiyə, Kərkicahana, Xocalıya, Ağdama səfərini izlədik. İndi də İrəvan Azərbaycan Dövlət Dram Teatrının binasının açılışındayıq.
İrəvan Teatrı bizim üçün sıradan bir teatr deyil. Uzun illər bizim Qərbi Azərbaycanda milli kimliyimizin keşiyində durmuş bir mədəniyyət ocağıdır." - sədr vurğulayıb.
Əziz Ələkbərli bildirib ki, bu, təkcə teatrın açılışı məsələsi deyil, həm də yüz minlərlə soydaşımızın Qərbi Azərbaycandakı ata-baba yurdlarına qayıdışının tərkib hissəsidir:
"Cənab Prezident dəfələrlə deyib ki, biz o torpaqlara dinc yolla, öz avtomobillərimizlə qayıdacağıq. Aşıq Ələsgərin, Mirzə Qədim İrəvaninin 200 illik, İrəvan Teatrının 140 illik yubileyləri ilə bağlı imzaladığı cərəncamlarla və bugünkü bu açılışla bu sözə bir də onu əlavə etdi ki, biz o torpaqlara öz mədəniyyətimizlə, incəsənətimizlə, teatrımızla, mədəni irsimizlə qayıdacağıq.
Bu gün Cənab Prezidentin ad günüdür. Mən şəxsən öz adımdan, Qərbi Azərbaycan İcmasının bütün üzvləri adından Cənab Prezidenti bir daha ürəkdən təbrik edir, Ona, dəyərli Mehriban xanıma, bütün ailə üzvlərinə ən xoş arzularımızı bildirirəm. Tanrı Cənab Prezidenti qorusun, Millətimizi və Dövlətimizi isə Onun qoruyacağından tamamilə əminik." - İcma sədri əlavə edib.
Çıxışının sonunda Əziz Ələkbərli İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının açılışı münasibətilə kollektivi təbrik edib, teatrın gələcək fəaliyyətində uğurlar arzulayıb.










