Xəbərlər

“İrəvan qazılığının tarixi” kitabının təqdimat mərasimi keçirilib
02 noyabr 2026, 17:29

2026-cı il noyabrın 2-də Qafqaz Müsəlmanları İdarəsi və Qərbi Azərbaycan İcmasının birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn “İrəvan qazılığının tarixi” kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və duaların oxunması ilə başlayıb. Qurani-Kərimin tilavətini Azər Nafıyev edib.

Təqdimat mərasimini giriş sözü ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqazın şeyxülislamı Hacı Allahşükür Paşazadə açaraq tədbir iştirakçılarını salamlayıb, kitabın xalqımızın tarixi, dini-mənəvi irsi və milli yaddaşının qorunması baxımından əhəmiyyətini vurğulayıb.

Şeyxülislam çıxışında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfərindən sonra xalqımızın qəlbində tarixi ədalətin bərpasına dair inam və qürurun daha da gücləndiyini bildirib. Vətən torpaqlarının işğaldan azad edilməsini, məscid və ibadətgahlarımızın əsarətdən qurtulmasını, şəhər və kəndlərimizin yenidən qurulmasını, doğma torpaqlarda azan səslərinin ucalmasını və Böyük Qayıdışı xalqımızın uzun illər davam edən nisgilinə son qoyan tarixi hadisələr kimi dəyərləndirib. Vətən uğrunda canlarından keçmiş şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyib.

Hacı Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra qarşıda duran mühüm vəzifələrdən biri də mədəni-mənəvi suverenliyin təmin olunması, dini-mənəvi müstəvidə tarixi ədalətin bərpasıdır. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin tarixən əhatə etdiyi mənəvi məkanda xalqımızın dini həyatının təşkilində qazılıqlar mühüm rol oynayıb. Bu təsisatlar yalnız dini ehtiyacların ödənilməsinə deyil, həm də milli özünüdərkin, mənəvi birliyin və İslam sivilizasiyasının layiqincə təmsil olunmasına xidmət edib. Soydaşlarımızın tarixi torpaqlarından deportasiya edilməsi nəticəsində qazılıqların fəaliyyətinin məcburi dayandırılması isə xalqımızın dini-mənəvi həyatına ciddi zərbə vurub.

Şeyxülislam Qərbi Azərbaycan İcmasının yaradılmasını tarixi əhəmiyyətli hadisə kimi dəyərləndirib. Bu proses fonunda Qafqaz Müsəlmanları İdarəsinin tarixi İrəvan qazılığının fəaliyyətinin bərpasının zamanın tələbi və tarixi zərurətə çevrildiyini bildirib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən İrəvan qazılığının bərpasını Qərbi Azərbaycanda milli varlığımızın mənəvi dayaqlarının yenidən dirçəldilməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.

Hacı Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Qərbi Azərbaycanla bağlı maarifləndirmə və təbliğat fəaliyyətini daim diqqətdə saxladığını, Ermənistandan deportasiya edilmiş soydaşlarımızın doğma yurdlarına qayıdış hüququnun müdafiəsinə mənəvi dəstək verdiyini vurğulayıb.

O, erməni kilsəsinin tarixi saxtalaşdırmaq və dezinformasiya yaymaq cəhdlərinin əksinə olaraq, Qafqaz Müsəlmanları İdarəsinin real tarixi sənədlərə istinad etməklə xalqımızın dini-mənəvi irsinə dair həqiqətləri ortaya qoyduğunu qeyd edib. İdarənin bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini, soydaşlarımızın dini-mənəvi hüquqlarının bərpasına və tarixi torpaqlarımıza qayıdışın mənəvi əsaslarının möhkəmləndirilməsinə dəstək verəcəyini vurğulayıb.

Çıxışının sonunda dövlət başçısının tarixi haqq və hüquqlarımızın təmin olunması istiqamətində həyata keçirdiyi siyasətə dəstəyin hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirən Hacı Allahşükür Paşazadə milli-mənəvi dəyərlərin qorunmasının, vətəndaş həmrəyliyinin və dövlətçilik ənənələrinə sədaqətin vacibliyini qeyd edib.

Daha sonra Qərbi Azərbaycan Televiziyasının hazırladığı film nümayiş etdirilib.

Ardınca Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, filologiya elmləri doktoru Qəmərxanım Cavadlı çıxış edib. O, İrəvan və bütövlükdə Qərbi Azərbaycan ərazisində mövcud olmuş dini məbədlər, məscidlər, ziyarətgahlar və digər dini-mədəni abidələr haqqında ətraflı məlumat verib. Kitabda yer alan tarixi sənədləri və ayrı-ayrı fəsillərdə əksini tapmış məlumatları şərh edərək İrəvan qazılığının fəaliyyətinin xalqımızın dini-mənəvi həyatındakı roluna diqqət çəkib. Nəşri tarixi dini irsimizin və milli yaddaşımızın qorunması baxımından mühüm elmi mənbə kimi qiymətləndirib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyliyə söz verilib. Akademik çıxışında İrəvan bölgəsinin tarixinin, dini və mədəni irsinin elmi mənbələr əsasında araşdırılmasının əhəmiyyətindən danışıb. Kitabda təqdim olunan arxiv materiallarının və tarixi sənədlərin Azərbaycan tarixinin mühüm səhifələrinin öyrənilməsi baxımından dəyərini vurğulayıb.

Daha sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib.

Əziz Ələkbərli ilk növbədə kitabın nəşri təşəbbüsü ilə çıxış edən, layihənin həyata keçirilməsinə rəhbərlik edən və təqdimat mərasimini təşkil edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə, eləcə də bu işdə əməyi olan bütün şəxslərə Qərbi Azərbaycan İcması adından minnətdarlığını bildirib.

İcma sədri son iki yüz ildə Qərbi Azərbaycan ərazisində soydaşlarımızın etnik təmizləmə, deportasiya və digər ağır faciələrə məruz qaldığını, bununla yanaşı, xalqımızın zəngin mədəni və dini irsinin də məqsədyönlü şəkildə dağıdıldığını, məhv edildiyini və ya mənimsənildiyini diqqətə çatdırıb. Xüsusilə məscidlərin, pir və ocaqların, ziyarətgahların və qəbiristanlıqların xalqımızın tarixi yaddaşına qarşı yönəlmiş vandalizm aktlarının qurbanına çevrildiyini qeyd edib.

Əziz Ələkbərli Azərbaycan tarixən dini və milli müxtəlifliyi, tolerantlıq ənənələri ilə seçilsə də, çar Rusiyasının bölgəni işğalından sonra müxtəlif ərazilərdən ermənilərin Cənubi Qafqaza köçürülməsi və sonrakı proseslər nəticəsində bölgənin tarixi-mədəni mənzərəsinin məqsədyönlü şəkildə dəyişdirildiyini bildirib. Bir sıra qədim dini abidələrin mənimsənilməsi, erməniləşdirilməsi və bu ərazilərin tarixi sakinləri ilə bağlı həqiqətlərin təhrif olunması cəhdlərinə diqqət çəkib.

Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycanın mədəni-dini irsinin qorunması istiqamətində əsas vəzifələrdən biri mötəbər tarixi faktların və arxiv sənədlərinin üzə çıxarılması, elmi ictimaiyyətə və beynəlxalq aləmə təqdim edilməsidir. “İrəvan qazılığının tarixi” kitabı da məhz bu məqsədə xidmət edir.

O, nəşrdə Qərbi Azərbaycanda, xüsusilə İrəvan bölgəsində dini təsisatların və qazılıq institutunun yaranması, fəaliyyəti və tarixi inkişaf yolunun araşdırıldığını bildirib. Kitabda XIX əsrdə çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi dini siyasətə, Azərbaycan Xalq Cümhuriyyəti və sovet dövründə müsəlman dini idarəçiliyinin təşkilinə, müstəqillik illərində Qərbi Azərbaycanın dini-mədəni irsinə dövlət qayğısına və İrəvan qazılığının bərpasına geniş yer ayrıldığını diqqətə çatdırıb.

Əziz Ələkbərli nəşrdə Ümummilli Lider Heydər Əliyevin ideyalarının Qərbi Azərbaycana Qayıdış strategiyasının formalaşmasındakı rolunun, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşünün və həmin görüşdə səsləndirdiyi tarixi fikirlərin əks olunmasını da xüsusi əhəmiyyətli hesab edib. Prezidentin doğma torpaqlara qayıdışın sülh yolu ilə və ləyaqətli şəkildə həyata keçirilməsinə dair mövqeyinin kitabda öz əksini tapdığını vurğulayıb.

İcma sədri İrəvan qazılığının bərpasını Qərbi Azərbaycana Qayıdış ideyasının həyata keçirilməsi istiqamətində mühüm mənəvi addım kimi dəyərləndirib və bu təşəbbüsə görə Şeyxülislam Hacı Allahşükür Paşazadəyə bir daha təşəkkür edib. Çıxışının sonunda qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək növbəti Zəfər Gününün Qərbi Azərbaycanın doğma torpaqlarında qeyd olunması arzusunu ifadə edib.

Ardınca Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edib. O, kitabın ərsəyə gəlməsini Azərbaycan tarixinin və dini-mənəvi irsinin öyrənilməsi baxımından mühüm hadisə kimi qiymətləndirib. Qazılıq institutunun tarixinin araşdırılmasının bölgənin ictimai-siyasi və dini həyatının daha dərindən öyrənilməsinə, tarixi yaddaşın qorunmasına xidmət etdiyini vurğulayıb.

Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxışında nəşrin elmi əhəmiyyətinə toxunaraq İrəvan bölgəsinin tarixinin arxiv sənədləri əsasında araşdırılmasının vacibliyini qeyd edib.

Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov kitabın xalqımızın tarixi yaddaşının qorunmasına və dini-mədəni irsin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə olduğunu bildirib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, İdarənin Qazılar Şurasının üzvü, İrəvan qazısı Bəxtiyar Nəcəfov çıxışında İrəvan bölgəsinin tarixən dini-elmi ənənələri, görkəmli alim və ruhaniləri ilə seçildiyini bildirib. O, İrəvan üləmalarının dini-ruhani xidmətləri ilə yanaşı, İslam dünyasının tanınmış elm mərkəzlərində elmi-pedaqoji fəaliyyət göstərdiklərini, görkəmli alimlərin yetişməsində rol oynadıqlarını diqqətə çatdırıb.

Bəxtiyar Nəcəfov tarixi İrəvan-Naxçıvan qazılığı institutunun fəaliyyətinin bərpasını milli-mənəvi irsin dirçəldilməsi və tarixi varisliyin təmin olunması baxımından mühüm addım kimi qiymətləndirib. İrəvan qazısı kimi bu tarixi missiyanı davam etdirməyin onun üçün böyük şərəf olduğunu bildirib. Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib, kitabın İrəvan qazılığının tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, soydaşlarımızın doğma yurdlarına sülh və əmin-amanlıq şəraitində qayıdacaqlarına inamını ifadə edib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fazil Mustafa kitabın tarixi faktların və sənədlərin elmi dövriyyəyə daxil edilməsi baxımından əhəmiyyətinə toxunub.

Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu çıxışında İrəvan qazılığının tarixinin öyrənilməsinin bölgənin dini və ictimai həyatında baş vermiş proseslərin araşdırılması baxımından əhəmiyyətini qeyd edib. Tarixi hadisələrin, xüsusilə dini idarəçilik ənənələrinin və bölgədə baş vermiş dəyişikliklərin sənədlər əsasında tədqiq edilməsinin vacibliyinə diqqət çəkib. O, belə nəşrlərin tarixi həqiqətlərin üzə çıxarılması və ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayaraq kitabın hazırlanmasında əməyi olanlara təşəkkür edib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova kitabın Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çağırışlarına verilən mühüm elmi və mənəvi töhfə olduğunu bildirib. O, nəşrin yalnız tarixi məlumatların toplusu deyil, həm də xalqımızın milli yaddaşının qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm mənbə olduğunu qeyd edib. Kitabın elmi və ictimai əhəmiyyətinin gələcəkdə də araşdırmalar üçün əsas yaradacağını vurğulayıb, nəşrin hazırlanmasında iştirak edənlərə minnətdarlığını ifadə edib.

Daha sonra Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının, Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü, deputat Rizvan Nəbiyev çıxış edib. O, kitabda əksini tapan tarixi faktların, arxiv sənədlərinin və demoqrafik məlumatların bölgədə baş vermiş proseslərin araşdırılması baxımından əhəmiyyətinə diqqət çəkib. Çıxışında XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Cənubi Qafqazda baş vermiş siyasi və demoqrafik dəyişikliklərə, İran və Rusiya arasında regionla bağlı münasibətlərə, ermənilərin bölgəyə köçürülməsi prosesinə toxunub. Bu proseslərin tarixi mənbələr əsasında araşdırılmasının və əldə olunan məlumatların sistemləşdirilməsinin vacibliyini vurğulayıb.

Rizvan Nəbiyev, həmçinin Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği üçün elmi tədqiqatların, arxiv materiallarının və beynəlxalq araşdırma proqramlarının əhəmiyyətini qeyd edib. Bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin tarixi faktların dünya ictimaiyyətinə çatdırılmasına xidmət etdiyini bildirib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və İdarə Heyətinin üzvü, AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa da çıxış ediblər. Çıxışlarda kitabın tarixi mənbələrə əsaslanan tədqiqat əsəri kimi əhəmiyyəti, İrəvan bölgəsinin dini-mədəni irsinin öyrənilməsi və bu sahədə elmi araşdırmaların davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbirin sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bağlanış nitqi ilə çıxış edib. O, İrəvan qazılığının tarixinin öyrənilməsinin xalqımızın zəngin dini-mənəvi irsinin qorunması, tarixi yaddaşın yaşadılması və mənəvi varisliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Şeyxülislam vurğulayıb ki, İrəvan bölgəsində mövcud olmuş dini təsisatlar xalqımızın ictimai və mənəvi həyatında mühüm rol oynayıb. Bu irsin araşdırılması və sənədlər əsasında gələcək nəsillərə çatdırılması milli yaddaşın qorunmasının vacib istiqamətlərindəndir. O, kitabın ərsəyə gəlməsində əməyi olan Qafqaz Müsəlmanları İdarəsinin və Qərbi Azərbaycan İcmasının nümayəndələrinə, alimlərə və tədqiqatçılara təşəkkür edib.

Hacı Allahşükür Paşazadə Uca Allahın köməyi ilə Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına sülh və əmin-amanlıq şəraitində qayıtmalarını, tarixi dini-mənəvi irsimizin qorunması və yaşadılması istiqamətində həyata keçirilən işlərin uğurla davam etməsini arzulayıb.

Qeyd edək ki, “İrəvan qazılığının tarixi” kitabında Qərbi Azərbaycanın İrəvan bölgəsində mövcud olmuş dini təsisatların və qazılıq institutunun yaranması, fəaliyyəti və tarixi inkişaf yolu araşdırılır. Kitab Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin, Gürcüstan Respublikası Milli Arxiv İdarəsinin Mərkəzi Tarix Arxivinin, Türkiyə Cümhuriyyəti Dövlət Arxivinin və Qafqaz Müsəlmanları İdarəsinin arxiv materialları, eləcə də müxtəlif tarixi mənbələr əsasında hazırlanıb.

Tədqiqatda Səlcuqlular, Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövrlərində dini idarəçilik ənənələrinin inkişafı, qazıların hüquqi və dini məsələlərin həllindəki rolu, İrəvan bölgəsində qazılıq institutunun fəaliyyəti tarixi ardıcıllıqla təqdim edilir.

Nəşrin elmi redaktorları Şeyxülislam Allahşükür Paşazadə və AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Xüsusi redaktorlar tarix elmləri doktoru, professor Anar İsgəndərov və filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlidir. Kitabın rəyçiləri tarix elmləri doktoru, professor Kərim Şükürov və tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovdur. Məsləhətçilər sırasında QMİ sədrinin birinci müavini, müfti Salman Musayev, QMİ sədrinin müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov və Qərbi Azərbaycan İcması aparatının böyük elmi işçisi Səbuhi Hüseynov yer alıblar. Redaksiya heyətində tarix, filologiya və fəlsəfə sahələrinin nümayəndələri, eləcə də QMİ və AMEA əməkdaşları təmsil olunurlar.