Beynəlxalq əməkdaşlıq

İrəvan xanının nəslindən olan Əmir Əli Sərdari İrəvani və Turhan Turqut ilə görüş olub
04 dekabr 2024, 20:08

5-6 dekabr 2024-cü ildə Bakıda keçiriləcək Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Professor Misir Mərdanov ilə İrəvan xanının nəslindən olan Əmir Əli Sərdari İrəvani və Turhan Turqut arasında görüş keçirilib.

İrəvan xanının davamçılarını İcmada görməkdən məmnun olduğunu bildirən Misir Mərdanov qeyd edib ki, İrəvan da daxil olmaqla son 200 ildə soydaşlarımız bütün Qərbi Azərbaycan ərazisindən mərhələlərlə çıxarılıblar. Bu gün qonaqların varisi olduqları Xan nəslinin mirası da təəssüf ki, Qərbi Azərbaycanda dağıdılan abidələrimiz sırasındadır. Misir Mərdanov qeyd edib ki, öz ata-baba yurdlarını görmək, orda yaşamaq Qərbi Azərbaycanlılar və onların varislərinin haqqıdır. Turhan Turqut özünün əfsanəvi İrəvan xanlarına dayanan köklərindən bəhs edərək ötən əsrin əvvəllərində məruz qaldıqları soyqırımı və sürgünlərdən danışıb.

Öz növbəsində Əmir Əli Sərdari İrəvani bildirib ki, o əsrarəngiz Göy Məscidi inşa etdirən Hüseynəli Xan Qacarın nəslindəndir. Qohumları Türkmənçay müqaviləsindən dərhal sonra ilk sürgünə məruz qalanlar arasındadır. Hər iki mötəbər qonaq Qərbi Azərbaycandakı yurd yerlərini görmək həsrətində olduqlarını bildiriblər.