
29 may 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasında “İrəvanın Ermənistana güzəştə gedilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli 28 May Müstəqillik Günü münasibətilə iştirakçıları təbrik edib. O bildirib ki, xalqımızın tarixində baş verən faciələrin əsas səbəblərindən biri 28 aprel 1920-ci ildə milli dövlətçiliyin itirilməsi olmuşdur. Ə.Ələkbərli İrəvanın ermənilərə güzəştə gedilməsini tariximizin ən böyük strateji və siyasi səhvlərindən biri kimi qiymətləndirib və bu məsələnin dövlətçilik baxımından ciddi nəticələr doğurduğunu vurğulayıb.
Daha sonra tarix elmləri doktoru, dosent, Milli Məclisin deputatı Vasif Qafarov çıxışında, arxivlərdə Batum konfransında aparılmış danışıqların ümumi protokollarının olmadığını, əsas məlumatların Türkiyə nümayəndə heyətinin öz paytaxtı ilə apardıqları yazışmalardan əldə edildiyini bildirib. O, Ermənistan dövlətinin yaranması və İrəvan şəhərinin bu dövlətə verilməsi ilə bağlı arxiv sənədlərinin məzmunu barədə ətraflı məlumat verib.
Sonra çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov sözügedən qərarın hüquq və siyasi nəticələri barədə danışıb. O, bildirib ki, İrəvanın güzəştə gedilməsi barədə qərarın qəbulu zamanı əhalinin rəyi öyrənilməyib və yetərsay olmayıb. Bu baxımdan, həmin qərarın hüquqi qüvvəsi sual altındadır. Bundan başqa, dövlətlər arasında ərazi dəyişikliyi və sərhədlər məsələsinin beynəlxalq müqavilələrlə tənzimlənməli olduğunu qeyd edən Q.Məmmədov, ölkədaxili sənəd olan Milli Şuranın sözügedən qərarının Azərbaycan Xalq Cumhuriyyəti və onun varisi olan Azərbaycan Respublikası üçün İrəvan şəhərinin Ermənistanın ərazisi kimi tanınması ilə bağlı heç bir beynəlxalq hüquqi öhdəlik yaratmadığını vurğulayıb. Q.Məmmədov əlavə edib ki, sərhədlər məsələlərini qismən tənzimləyən 4 iyun 1918-ci il Batum müqaviləsinin şərtlərini Ermənistanın kobud şəkildə pozması və sonra isə müqavilənin ümumiyyətlə ratifikasiya edilməməsi Ermənistanın ərazisi və sərhədləri ilə bağlı beynəlxalq hüquqi əsasları daha da zəiflətmişdir.
Müzakirələr zamanı Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov və Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı mövzu ilə bağlı suallar ünvanlayıblar. Çıxışçılar sualları cavablandırıblar.
Tədbir mövzu ətrafında səsləndirilən fikirlərin qarşılıqlı müzakirəsi ilə davam etdirilib və tarixi və hüquqi baxımdan yanaşmalar fonunda yekunlaşdırılıb.