
İyunun 23-də Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir keçirilib.
Tədbirdə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai və elm xadimləri, həmçinin media nümayəndələri iştirak ediblər. Görüşdə Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququ və qaçqınlıq problemləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Qərbi Azərbaycan həqiqətlərinə həsr olunmuş məlumatlandırıcı videoçarx təqdim edilib.
Açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ermənistandan azərbaycanlıların mərhələli deportasiyası, hüquqlarının pozulması və yaşanan faciələr barədə məlumat verib. O, tədbir iştirakçılarına indiyədək görülmüş işlər və atılmış addımlar haqqında danışıb.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Şirazi İbrahimov "Köçkünlük xatirələri və qayıdış arzusu" mövzusunda çıxış edərək qaçqınlıq xatirələrini bölüşüb, Vətən həsrəti ilə yaşadığını və qayıdış ümidi bəslədiyini vurğulayıb.
Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi 55/76 saylı qətnamə ilə təsis olunub. Bu günün məqsədi qaçqınların problemlərinə beynəlxalq diqqəti artırmaqdır. Qərbi Azərbaycan İcması hər il bu gün münasibətilə tədbir təşkil edir.