Görüşlər

Karvansaray rayonunun Haqqıxlı kəndinin ziyalısı Süleyman Muhiddin oğlu Süleymanovla görüş keçirilib
22 avqust 2026, 21:05

22 avqust 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında Karvansaray rayonunun Haqqıxlı kəndinin ziyalısı, Rusiya Federasiyasının Əməkdar elm xadimi, baytarlıq elmləri doktoru, Voronej Dövlət Aqrar Universitetinin Baytarlıq Təbabəti və Heyvandarlıq Texnologiyası fakültəsinin Mamalıq, Anatomiya və Cərrahiyyə kafedrasının professoru Süleyman Muhiddin oğlu Süleymanovla görüş keçirilib.

Görüşdə Karvansara rayon ziyalıları iştirak ediblər.

Görüşü açan Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Karvansaray rayon icmasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov professor Süleyman Süleymanov haqqında ətraflı məlumat verib, onun uzun illər ərzində elm sahəsində aldığı fundamental elmi nəticələrə, əldə etdiyi mühüm elmi nailiyyətlərə və Azərbaycan elminə verdiyi töhfələrə diqqət çəkib. O, bildirib ki, görkəmli alimlərin həyat və fəaliyyətinin öyrənilməsi, onların elmi irsinin gələcək nəsillərə çatdırılması Qərbi Azərbaycan ziyalılarının qarşısında duran mühüm vəzifələrdəndir.

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin sədri Ramiz İsmayılov çıxışında professor Süleyman Süleymanovun timsalında Qərbi Azərbaycanda elmə və təhsilə hər zaman böyük önəm verildiyini qeyd edib. O, ziyalıların yetişdirdiyi elmi və intellektual irsin xalqın milli-mədəni yaddaşının mühüm hissəsini təşkil etdiyini vurğulayıb.

Haqqıxlı kəndinin ziyalısı Ayişə Nəbi professor Süleyman Süleymanovun həyat yolu, elmi fəaliyyəti, elm dünyasındakı mövqeyi və elmi irsi barədə fikirlərini bölüşüb. O, alimin keçdiyi zəngin elmi yolun gənc nəsil üçün nümunə olduğunu bildirib.

Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhər nümayəndəliyinin sədri, Mingəçevir Dövlət Universitetinin dosenti Mayıl İsmayılov professor Süleyman Süleymanovun Azərbaycan və Rusiya arasında elmi əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıb. Onun elmi fəaliyyəti ilə yanaşı, iki ölkənin elm və təhsil mühiti arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Qərbi Azərbaycanın Çəmbərək rayonunun icmasının sədr müavini, Gölkənd kənd icmasının sədri Tanrıverdi Mustafayev çıxışında professor Süleyman Süleymanovun zəngin elmi fəaliyyəti və keçdiyi şərəfli həyat yolu barədə fikirlərini bölüşüb. O, Süleyman Süleymanovun Haqqıxlı kəndində dünyaya göz açmasına baxmayaraq, Gölkənd kənd məktəbinin məzunu olmasından qürur duyduğunu bildirib. Tanrıverdi Mustafayev alimin əldə etdiyi elmi nailiyyətlərin Gölkənd məktəbinin məzunları və ümumilikdə Qərbi Azərbaycan ziyalıları üçün böyük fəxr mənbəyi olduğunu vurğulayıb.

Haqqıxlı kənd icmasının sədri İbad Mehdiyev professor Süleyman Süleymanovun timsalında ziyalılara və alimlərə göstərilən ehtiramın əhəmiyyətindən söz açıb. O, belə görüşlərin rayon icmasının üzvləri, xüsusilə də gənclər üçün böyük mənəvi və maarifləndirici əhəmiyyət daşıdığını bildirib.

Haqqıxlı kəndinin ziyalısı Fizuli Həsənov, kəndin ziyalısı və müəllimi Əlifxan Məmmədov, Polad kəndinin ziyalısı Valeh Mirzəyev, Haqqıxlı kəndinin ziyalısı Camal İsmayılov və Əmirxeyir kəndinin ziyalısı Darvin Ağamalıyev çıxışlarında professor Süleyman Süleymanovun zəngin və mənalı həyat yolu, uzunillik elmi fəaliyyəti, elm sahəsində əldə etdiyi nailiyyətlər və elmi irsi barədə fikirlərini bölüşüblər. Çıxışlarda alimin Qərbi Azərbaycandan çıxmış görkəmli ziyalı kimi keçdiyi elmi yolun gənc nəsil üçün örnək olduğu vurğulanıb, onun elm və təhsilə verdiyi töhfələrin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi qeyd edilib. Həmçinin belə görüşlərin Qərbi Azərbaycan ziyalılarının tanıdılması, onların elmi irsinin təbliği və gənclərdə elmə marağın artırılması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Əvəz Nəbiyev professor Süleyman Süleymanovun zəngin elmi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması ilə bağlı Qərbi Azərbaycan gənclərinə tövsiyələrini səsləndirib. O, gənclərin görkəmli ziyalıların həyat və fəaliyyətini araşdırmasının, onların elmi irsindən yararlanmasının və elmə marağın artırılmasının vacibliyini diqqətə çatdırıb.

Daha sonra professor Süleyman Süleymanov çıxış edərək görüşün təşkilinə görə təşəkkürünü bildirib. Alim elmi fəaliyyəti, keçdiyi peşə yolu və elmi araşdırmaları barədə məlumat verib, Azərbaycan elminin inkişafı, təhsil və gənclərin elmə cəlb olunmasının əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. O, gənc nəslin elmə marağının artırılmasının, elmi ənənələrin qorunmasının və Azərbaycanın elmi potensialının beynəlxalq müstəvidə daha geniş şəkildə tanıdılmasının vacibliyini vurğulayıb.

Görüşün sonunda Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Karvansara rayon icmasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov tərəfindən professor Süleyman Süleymanova xatirə hədiyyəsi təqdim olunub.

Tədbir xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.