
Polşanın paytaxtı Varşava şəhərinin mərkəzindəki Tvardovski meydanında Azərbaycanın Polşadakı Səfirliyinin təşkilatçılığı ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı foto sərginin açılışı keçirilib.
Sərginin açılışında Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov çıxış ediblər.
Səfir Nərgiz Qurbanova çıxışında Qərbi Azərbaycanın tarixi, Qərbi azərbaycanlıların etnik təmizləməyə məruz qalmaları və mədəni irsinin məhv edilməsi haqqında ətraflı məlumat verib.
Qərbi Azərbaycan İcmasının sədr müavini, deputat Qaya Məmmədov mədəni irsin ümumbəşəri dəyər olduğunu qeyd edərək, indiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin məhv edilməsinə dünya ictimaiyyətinin biganə qalmamalı olduğunu vurğulayıb. Qərbi Azərbaycan İcmasının qayıdışa sülh yolu ilə nail olmağa çalışdığını bildirən Q.Məmmədov dünya dövlətlərini sülh, barışıq və ədalətə xidmət edən bu haqq işinə, eləcə də Qərbi Azərbaycan mədəni irsinin bərpası və qorunmasına dəstək verməyə çağırıb.
Açılışda Polşada akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, dini icmalarının nümayəndələri və Azərbaycan diasporu fəalları iştirak edib.