
24 may 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasında mini futbol üzrə II Qərbi Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib.
Tədbir Ulu öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ötən il keçirilən turnirin uğurla başa çatdığını qeyd edib və bu il də yarışmanın yüksək səviyyədə təşkil olunacağına inandığını bildirib. O, 18 rayon üzrə komandaların formalaşdırıldığını açıqlayıb.
Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov bu təşəbbüsə görə İcmaya təşəkkür edib və ölkədə mini futbolun inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb. Mini futbol üzrə Azərbaycan millisinin Bakıda keçirilən dünya çempionatında əldə etdiyi nailiyyətlərdən söz açıb və komandanın beynəlxalq arenadakı qələbələrinin davamlı olacağına ümidini ifadə edib.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev belə yarışların davamlı təşkilini sevindirici hal kimi dəyərləndirib.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov ölkədə mini futbola olan böyük maraqdan bəhs edərək, bu sahədə qazanılan uğurlarda dövlət rəhbərliyinin idmana qayğısının mühüm rolunu xüsusi qeyd edib.
Qərbi Azərbaycan İcması Gənclər Şurasının və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov Qərbi Azərbaycan Kubokunun kütləviliyini önə çəkərək, bu il yarışda rəqabətin daha da güclü olacağına inandığını bildirib.
Çıxışların ardınca turnirin təşkili və oyun cədvəli barədə məlumat verilib. Bildirilib ki, ümumilikdə 18 komanda kubok uğrunda mübarizə aparacaq. Komandalar A, B, C və D qruplarına bölünüb və hər qrupdan bir komanda final mərhələsinə yüksələcək. Mərasim çərçivəsində püşk atılıb və komandaların rəqibləri müəyyənləşdirilib.
Qərbi Azərbaycan Kuboku 1 iyun – 26 iyun tarixlərində keçiriləcək.