25 iyun 2025, 15:05
İyunun 25-də Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Mirasa sahibik: Qərbi Azərbaycan Konsepsiyasının təbliğində gənc müəllimlərin rolu” adlı forum keçirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş tutan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, Qərbi Azərbaycan İcmasının üzvləri, təhsil ictimaiyyətinin nümayəndələri və 300-dən çox müəllim iştirak edib.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdışla bağlı siyasi xətt və yanaşmasının gənclərə aşılanması mühüm və təsirli addımdır. O vurğulayıb ki, Qayıdış Konsepsiyası yalnız yaşayış infrastrukturuna və əvvəlki həyat şəraitinə qayıdışı deyil, eyni zamanda tarixi yaddaşın və mədəni irsin qorunmasını ehtiva edir.
Forumda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli qeyd edib ki, bu gün Qərbi Azərbaycana Qayıdış ideyası tarixi ədalətin bərpasını hədəfləyən bir çağırışdır. Bu ideya sadəcə bir arzu deyil – milli iradənin və tarixi ədalətin təntənəsidir. O bildirib ki, bu ideyanın həyata keçirilməsində təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür: “Biz milli dəyərlərə sahib bir gənc nəsil yetişdirməliyik. Çünki milli dəyər sahibi olmayan insan nə özünə, nə də cəmiyyətə fayda verə bilər. Bu baxımdan gənc müəllimlərin rolu xüsusilə önəmlidir.”
Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova da çıxış edərək Qərbi Azərbaycana Qayıdış Konsepsiyası istiqamətində gənc müəllimlərin üzərinə düşən vəzifələrdən danışıb və planlaşdırılan layihələrə toxunub.
Rəsmi açılış mərasimindən sonra forum panel müzakirələri ilə davam etdirilib.
I panel – “Ali təhsil və elmi tədqiqatlarda Qərbi Azərbaycan” mövzusuna həsr olunub. Moderatorluğu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə edib. Paneldə Milli Məclisin Gənclər və İdman Komitəsinin və QAİ-nin Gənclər Şurasının sədri Şahin İsmayılov, QAİ-nin Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Nazim Mustafa və Elm üzrə Prezident mükafatçısı Elnur Həsənov iştirak ediblər.
II panel – “Ümumi təhsildə Qərbi Azərbaycan” mövzusuna həsr olunub. Moderator qismində çıxış edən Pərvinə Qədimova ilə yanaşı, paneldə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu, Təhsil İnstitutunun direktor müavini Fuad Çıraqov, Bakı şəhəri 281 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Flora Osmanova və 163 nömrəli tam orta məktəbin tarix müəllimi Ramil Tanrıverdi çıxış ediblər.
Forum çərçivəsində “Qərbi Azərbaycana Qayıdış” olimpiadasına həsr olunmuş videoçarx nümayiş etdirilib, daha sonra olimpiadanın cari il üzrə qalibləri mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam edib.
Forumun yekununda tədbirin qətnaməsi səsləndirilib və iştirakçılarla xatirə fotosu çəkilib.












