Xəbərlər

Nazim Mustafa: “Qaçqınlıq tariximizi unutmamalıyıq, çünki bu tarix bizim hansı ağrılardan keçdiyimizi göstərir”
24 iyun 2026, 16:19

Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə çıxış edən tarixçi alim, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafa, Qərbi azərbaycanlıların deportasiya tarixindən, bu proseslərin tarixi-siyasi səbəblərindən və milli yaddaşın qorunmasının vacibliyindən danışıb.

Nazim Mustafa bildirib ki, XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılması və deportasiyası mərhələli şəkildə həyata keçirilib. O qeyd edib ki, 1905–1906-cı illərdə baş verən hadisələr sonrakı dövrlərdə daha geniş miqyas alan proseslərin başlanğıcı olub.

Tarixçi alim vurğulayıb ki, həmin dövrdə bölgədə baş verən qarşıdurmalar nəticəsində azərbaycanlı yaşayış məntəqələri ağır itkilərə məruz qalıb: “Bu proseslər təsadüfi hadisələr deyildi. Azərbaycanlıların yaşadığı ərazilərin boşaldılması və həmin ərazilərdə yeni demoqrafik vəziyyət yaradılması məqsədi daşıyan siyasətin tərkib hissəsi idi”.

Nazim Mustafa 1918-ci ildə İrəvanın erməni dövlətinə verilməsi məsələsinə də toxunaraq bildirib ki, həmin dövrdə Azərbaycan tərəfi burada yaşayan azərbaycanlıların hüquqlarının qorunması ilə bağlı müəyyən öhdəliklərin yerinə yetirilməsini tələb edib. Lakin sonrakı hadisələr bu təminatların tam həyata keçirilmədiyini göstərib.

Çıxışında 1948–1953-cü illər deportasiyasına xüsusi diqqət çəkən alim bildirib ki, həmin illərdə on minlərlə azərbaycanlı öz doğma yurdlarından məcburi şəkildə köçürülüb.

“Azərbaycanlılar öz ata-baba yurdlarından çıxarıldılar, yaşayış məntəqələri boşaldıldı. İnsanlar illərlə qurduqları evlərdən, təsərrüfatlarından, torpaqlarından ayrılmağa məcbur oldular”, – deyə Nazim Mustafa bildirib.

O qeyd edib ki, deportasiya nəticəsində insanların yalnız yaşayış yerləri deyil, həm də sosial və mənəvi bağları dağıdılıb. Tarixçi alim vurğulayıb ki, Qərbi Azərbaycandan köçürülən insanların qayıdış hüququ digər deportasiya olunmuş xalqlarla müqayisədə uzun müddət tanınmayıb.

Nazim Mustafa 1988-ci ildə baş verən deportasiya proseslərinə də toxunaraq bildirib ki, bu hadisələr nəticəsində Azərbaycanlıların Ermənistandan tamamilə çıxarılması prosesi başa çatdırılıb.

“1988-ci il hadisələri Azərbaycanlıların Ermənistan ərazisindən sonuncu böyük deportasiyası oldu. İnsanlar bir günün içində evlərini, işlərini, doğma yurdlarını itirdilər və həyatlarını yenidən qurmaq məcburiyyətində qaldılar”, – deyə o vurğulayıb.

Alim qeyd edib ki, bütün bu hadisələr Azərbaycan xalqının tarixi yaddaşında yaşamalıdır: “Bizim qaçqınlıq tariximizi unutmamalıyıq. Biz hansı ağrılardan keçdiyimizi, hansı haqsızlıqlarla üzləşdiyimizi bilməliyik”.

Nazim Mustafa bildirib ki, bu gün Qərbi Azərbaycan İcması ətrafında birləşən insanların əsas məqsədlərindən biri tarixi yaddaşı qorumaq və qayıdış hüququnun sülh yolu ilə təmin olunmasına nail olmaqdır.

“Qərbi Azərbaycan İcması artıq böyük bir birlik və güc mərkəzinə çevrilir. Biz öz torpaqlarımıza qayıtmaq hüququmuzu sülh və beynəlxalq hüquq prinsipləri əsasında müdafiə edirik”, – deyə tarixçi alim qeyd edib.

Sonda Nazim Mustafa vurğulayıb ki, Azərbaycanın güclənməsi və milli birliyin qorunması gələcəkdə tarixi ədalətin bərpası üçün əsas amillərdən biridir.