Xəbərlər

Nərimanov rayonunda Qərbi azərbaycanlı məktəblilərlə görüş keçirilib
03 sentyabr 2026, 10:36

Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatının təşəbbüsü ilə rayonda məskunlaşan Qərbi azərbaycanlı ailələrin məktəbyaşlı uşaqları ilə ənənəvi görüş keçirilib.

Görüş çərçivəsində aztəminatlı ailələrdən olan 70 şagirdə məktəb çantası və digər məktəb ləvazimatlarının alınması üçün maddi yardım göstərilib.

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, İcmanın Nərimanov təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, bu cür sosial təşəbbüslər Qərbi Azərbaycan İcmasının fəaliyyət proqramı olan “Qayıdış Konsepsiyası”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinin, eləcə də Qərbi Azərbaycana qayıdış ideyası ətrafında ümumxalq həmrəyliyinin gücləndirilməsinin tərkib hissəsidir.

O, Prezident İlham Əliyevin “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır...” fikrinin İcmanın fəaliyyətində əsas prinsiplərdən biri olduğunu vurğulayıb.

Sonda Təmraz Tağıyev uşaqlara Qərbi Azərbaycan İcmasının Nərimanov təşkilatının fəaliyyəti barədə məlumat verib, bu kimi görüşlərin bundan sonra da ənənəvi olaraq davam etdiriləcəyini bildirib.

https://azertag.az/xeber/nerimanov_rayonunda_qerbi_azerbaycanli_mekteblilerle_gorus_kechirilib-4395557