Görüşlər

Nəsimi rayonunda "Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət" adlı tədbir keçirilib
04 may 2025, 11:46

Nəsimi rayonunda Qərbi Azərbaycan İcmasının, Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycan: deportasiya və tarixi ədalət" adlı tədbir keçirilmişdir.

Tədbirdə Qərbi Azərbaycan İcmasının, Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının, Rayon Ağsaqqallar Şurasının rəhbərlikləri və əslən Qərbi Azərbaycandan olan ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları öncə Qərbi Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən sərgi ilə tanış olmuşlar.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov və YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyəti barədə danışmışlar.

Tədbirdə Qərbi Azərbaycan İcması İH-nin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edərək, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışının tarixi zərurət olduğunu bildirdi, bu istiqamətdə müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik, uzaqgörən və qətiyyətli siyasəti barədə tədbir iştirakçılarına geniş və hərtərəfli məlumat verdi.

Tədbirdə çıxış edənlər - Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışlarında tədbirin əhəmiyyətindən danışmış, təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.

Tədbir əslən Qərbi Azərbaycandan olan aşıqların və rəqs kollektivinin maraqlı təqdimatları ilə başa çatmışdır.