Qərbi Azərbaycan İcması olaraq, Niderlandın xarici işlər nazirinin ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburən tərk etməsinə dair iddiasını pisləyirik. Hamıya məlumdur ki, ermənilər Azərbaycan hökumətinin reinteqrasiya və vətəndaşlıq təklifini qəbul etməkdən imtina edərək, öz iradələri ilə Qarabağ bölgəsini tərk etmişlər.
Bundan başqa, bu kimi məsələlərdə ancaq etnik ermənilərə istinad etmək, Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıları gözardı etmək etnik və dini əsasda ayrı-seçkilikdir.
Niderlandın Azərbaycana qarşı sistematik olaraq əsassız iddialarla çıxış etməsi qəbuledilməzdir. Niderland Azərbaycana böhtan atmaq əvəzinə, Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini BMT Nizamnaməsinə uyğun olaraq yerinə yetirməli və orada yerli əhalinin hüquqlarını pozmağa son qoymalıdır.
Dekolonizasiyanı həyata keçirməkdən imtina edərək yerli əhalinin hüquqlarını pozan Niderlandın insan hüquqları və humanitar məsələlər barədə danışmağa mənəvi haqqı yoxdur.
Biz Niderlanddan Azərbaycana qarşı böhtan kampaniyasını dayandırmağı və Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmaq hüquqlarına hörmətlə yanaşmağı tələb edirik.