11 iyul 2025, 16:17
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 10 iyul 2025-ci il tarixində qonaqların, ziyalıların, Qərbi Azərbaycandan olan rayon sakinlərinin, ictimai təşkilatların nümayəndələrinin, gənclərin iştirakı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
İlk öncə mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla anıblar.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əzi xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə heyəti sədrinin müavini, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, iqtisad elmləri üzrə fəlsəfə doktoru Lütfüyar Nəsibov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək müasir elmi yanaşmalar və yeni fundamental araşdırmalar əsasında çap olunmuş “Qərbi Azərbaycan irsi” kitabının I cildinin nəşr olunmasının əhəmiyyətindən danışıb, Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza məxsus maddi-mədəni irs nümunələrinin, qəbiriştanlıqların, məscidlərin, pirlərin, türbələrin yer üzündən tamamilə silinməsinə yönəlmiş vandalizm aktlarından geniş məlumatlar veriblər.
Bildirilib ki, kitabda qeyd olunan təkzibedilməz faktlar tarixi əhəmiyyətli elmi tədqiqat materialı və hüquqi baxımdan ciddi bir sənəddir. Bu kitab eyni zamanda azərbaycanlıların tarixi-etnik torpaqlarında baş verən dağıntıların geniş miqyasını ortaya qoymaqla yanaşı, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin diqqətinin bu məsələyə cəlb edilməsində xüsusi əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin əsas prioritet məsələlərin tərkib hissəsidir və Şanlı Zəfər qalibiyyətindən sonra bu tarixi prosesin təməli qoyulub. Xalqımız əmindir ki, Möhtərəm Prezidentimizin qətiyyəti sayəsində tezliklə soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışı beynəlxalq müstəvidə öz tarixi və ədalətli həllini tapacaqdır.
Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.






