22 iyul 2025, 15:38
22 iyul 2025-ci il tarixdə Oğuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Oğuz rayon Mədəniyyət mərkəzində “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar “ adlı kitabın 1-ci cildinin təqdimatı keçirilib.
Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov və qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Oğuz rayon İcra hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Eyvaz Qurbanov, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Professor Həsən Bayramov, Qərbi Azərbaycan İcmasının Oğuz rayon nümayəndəliyinin üzvləri, Rayon Ağsaqqallar şurasının və rayon ictimaiyyətin nümayəndələri iştirak edir.
Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.
Tədbiri çıxış sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Zəfərdən sonra qarşımızda yeni perspektivlər açılmışdır. Qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməklə yanaşı, həm də soydaşlarımızın əzəli Qərbi Azərbaycan torpaqlarına qayıdışının da təməlini qoymuşdur. Dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır və hamımız bunun şahidiyik. Ermənilər tərəfindən azərbaycanlılara qarşı yalnız etnik təmizləmə siyasəti həyata keçirilməmişdir, eyni zamanda, soydaşlarımıza məxsus maddi-mədəni irsin yer üzündən tamamilə silinməsinə yönəlik vandalizm aktları törədilmişdir. Qəbiristanlıqlar bir xalqın keçmişi, inancı və kollektiv yaddaşıdır. Ona görə də, qəbiristanlıqları dağıtmaq həmin xalqın izlərini coğrafiyadan silmək cəhdidir, beynəlxalq humanitar hüququn və insan hüquqlarının ciddi şəkildə pozulmasıdır. Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geriyə qayıtmaları, onların fundamental hüquqlarının bərpa və təmin edilməsi ölkəmizin prioritetlərindəndir. Hazırda Qərbi Azərbaycana qayıdış məsələsi beynəlxalq platformalarda müzakirə olunur və bu istiqamətdə işlər aparılır.
Çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Eyvaz Qurbanov bildirib ki, azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Qeyd edilib ki, Ulu Öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir. Burada haqlı olaraq qeyd edilir ki, keçmiş SSRİ Nazirlər Sovetinin müvafiq qərarlarına əsasən Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olub. Təkcə bu cinayət aktının həyata keçirilməsi nəticəsində 150 mindən çox azərbaycanlı kütləvi şəkildə və zorakılıqla sürgünə məruz qalıb.
Digər çıxış edənlər Qərbi Azərbaycan İcmasının nümayəndəsi, Professor Həsən Bayramov, Əməkdar müəllim İmran Verdiyev, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü Nazim Hüseynli, Qərbi Azərbaycan İcmasının Oğuz rayonu üzrə nümayəndəsi Səyyaf Abbasov çıxış edərək bildiriblər ki, Qərbi Azərbaycan ərazisi tarix boyu hər zaman Azərbaycan dövlətlərinin ayrılmaz tərkib hissəsi olub və bu ərazidə həmişə azərbaycanlılar yaşayıblar. Çar Rusiyasının işğalından sonra da ərazinin idarəçilik sistemində yerli məmurlar azərbaycanlılar olub. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında, 9 min km²-lik ərazidə erməni dövlətinin yaradılmasına razılıq verildi. Lakin Sovet hakimiyyəti dövründə Ermənistan SSR-in ərazisi yenə Azərbaycan torpaqları hesabına 29,8 min km²-ə çatdırıldı. Azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sonrakı dövrlərdə də davam etdirildi.
Çıxışlarda Qərbi Azərbaycanda azərbaycanlılara qarşı törədilmiş zorakılıqlara, mədəni irsin məhvinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti məsələsinə toxunulub və Prezident cənab İlham Əliyevin əzmi və qətiyyəti ilə soydaşlarımızın öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdacaqlarına əminlik ifadə edilib.
Qeyd edək ki, kitabın müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur.








