Konfranslar

Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib
19 iyun 2025, 10:01

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakıda “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev simpozium iştirakçılarına ünvanladığı müraciətində Qərbi azərbaycanlıların kütləvi şəkildə deportasiyası, onların etnik təmizləməyə məruz qalması və mədəni irsinin sistemli şəkildə məhv edilməsi kimi insan hüquqları pozuntularına xüsusi diqqət ayırması  və “Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir” mesajını verməsi simpoziumun müzakirələrinə istiqamət verib və məsələnin beynəlxalq insan hüquqları gündəliyində önə çıxarılmasına əhəmiyyətli töhfə olub. 

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov tədbirdə qaçqınların hüquqlarına həsr olunmuş panel sessiyasında çıxış edib. Qaya Məmmədov çıxışında Ermənistanın Qərbi azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, zorakılıq və onların qayıdışına imkan verməməsi ilə yaranmış çoxsaylı insan hüquqları pozuntuları (qayıdış hüququ, ayrı-seçkiliyə məruz qalmamaq hüququ, həyat, azadlıq və təhlükəsizlik hüququ, effektiv hüquqi müdafiə vasitələrinə çıxış hüququ, əmlak hüququ, mədəni hüquqlar, vətəndaşlıq hüququ və digər hüquqlar) barədə ətraflı məlumat vermiş, BMT-nin insan hüquqları mexanizmlərini və üzv dövlətlərin milli insan hüquqları institutlarını bu məsələ ilə daha yaxından və ardıcıl şəkildə məşğul olmağa çağırıb.