06 avqust 2026, 09:09
Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Dünya iqtisadiyyatında baş verən son proseslər, qlobal ticarət yollarının yenidən formalaşması və geosiyasi münasibətlər sistemi açıq şəkildə göstərir ki, XXI əsrdə dövlətlərin gücü və beynəlxalq nüfuzu artıq yalnız ənənəvi meyarlarla – ərazinin böyüklüyü, hərbi potensialın gücü və ya malik olunan təbii sərvətlərin həcmi ilə ölçülmür. Müasir dövrdə qlobal ticarət yollarına çıxış əldə etmək, nəqliyyat arteriyalarının kəsişdiyi mühüm qovşaqlarda yerləşmək, enerji və rəqəmsal bağlantılar yaratmaq, eləcə də müxtəlif iqtisadi məkanları bir-birinə etibarlı şəkildə bağlamaq qabiliyyəti dövlətlərin strateji çəkisini müəyyən edən ən əsas amillərə çevrilib. Məhz bu qlobal dəyişikliklər fonunda Azərbaycan Respublikası son illərdə keyfiyyətcə tamamilə yeni və daha üstün geoiqtisadi mərhələyə qədəm qoyub. Ölkənin coğrafi mövqeyi fiziki olaraq dəyişməyib, lakin həmin coğrafiyanın daşıdığı iqtisadi, siyasi və strateji dəyər misli görünməmiş şəkildə artıb.
Bu geoiqtisadi inkişafın və dəyişimin mərkəzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – hamının tanıdığı adla Orta Dəhliz dayanır. Şərqdən, Çindən və bütövlükdə Mərkəzi Asiya regionundan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropaya uzanan bu nəhəng marşrut əvvəllər daha çox alternativ nəqliyyat yollarından biri kimi qiymətləndirilirdi. Lakin son illərdə qlobal təchizat zəncirlərində baş verən dərin sarsıntılar, Rusiya–Ukrayna müharibəsinin yaratdığı geosiyasi reallıqlar, Yaxın Şərqdə və xüsusilə Qırmızı dəniz ətrafındakı təhlükəsizlik riskləri, eləcə də Avropa ilə Asiya arasında daha çevik, təhlükəsiz və şaxələndirilmiş bağlantılara yaranan kəskin ehtiyac bu marşrutun statusunu kökündən dəyişdi. Artıq Orta Dəhliz sadəcə alternativ yol deyil, bütövlükdə Avrasiya iqtisadiyyatının yeni və əsas strateji arteriyalarından birinə çevrilməkdədir. Azərbaycanın geoiqtisadi çəkisinin artmasının təməl səbəblərindən biri də məhz odur ki, ölkəmiz formalaşmaqda olan bu yeni nəqliyyat arxitekturasının kənarında deyil, birbaşa mərkəzində yerləşir.
Lakin Azərbaycanın qazandığı bu möhtəşəm üstünlüyü yalnız təbii coğrafi mövqe ilə izah etmək əsla doğru olmazdı. Coğrafiya insana və ya dövlətə sadəcə potensial imkan yaradır, həmin imkanı real geoiqtisadi üstünlüyə, qlobal kapitala çevirmək isə dərin siyasi uzaqgörənlik, güclü infrastruktur, nəhəng investisiyalar və uzunmüddətli dövlət strategiyası tələb edir. Məhz bu məqamda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son iyirmi ildən artıq bir dövrdə həyata keçirdiyi uzaqgörən siyasətin strateji mahiyyəti bütün əzəməti ilə üzə çıxır. Dövlət başçısı hələ bugünkü qlobal nəqliyyat böhranları, pandemiyalar və logistika çətinlikləri meydana çıxmamışdan xeyli əvvəl ölkənin gələcəyinin yalnız neft və qaz ehtiyatlarının ixracı ilə məhdudlaşmadığını, Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat, logistika və kommunikasiya mərkəzlərindən birinə çevrilməsində olduğunu dəqiq müəyyənləşdirmişdi. Bu baxımdan, son illərdə Orta Dəhlizə beynəlxalq səviyyədə artan kəskin maraq təsadüfi siyasi gedişin deyil, illər əvvəl təməli qoyulmuş ardıcıl və məqsədyönlü dövlət strategiyasının məntiqi nəticəsidir.
Bu strateji xəttin reallaşdırılmasının ən bariz nümunələrindən biri Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsidir. Vaxtilə bu layihənin iqtisadi perspektivlərinə şübhə ilə yanaşanlar, hətta onun həyata keçirilməsinə müxtəlif vasitələrlə mane olmağa çalışan dairələr də mövcud idi. Lakin Azərbaycan Prezidentinin qətiyyətli siyasi iradəsi sayəsində layihə uğurla başa çatdırıldı və bu gün Bakı–Tbilisi–Qars dəmir yolu Orta Dəhlizin ən etibarlı həlqələrindən biri olaraq strateji əhəmiyyətini hər keçən il daha da artırır. Bununla yanaşı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Ələt qəsəbəsinə köçürülməsi və burada ən müasir tələblərə cavab verən logistika infrastrukturunun yaradılması da məhz həmin uzunmüddətli baxışın məhsuludur. Ölkə daxilində avtomobil və dəmir yollarının tam yenilənməsi, Xəzər dənizində yükdaşıma imkanlarının kəskin genişləndirilməsi, gəmiçilik və logistika potensialının artırılması ayrı-ayrı təcrid olunmuş layihələr deyil, vahid və əhatəli geoiqtisadi strategiyanın ayrılmaz tərkib hissələridir. Bu strategiyanın təməl fəlsəfəsi ondan ibarətdir ki, Azərbaycan öz coğrafiyasını sadəcə xəritə üzərindəki nöqtə kimi deyil, real və güclü iqtisadi kapitala çevirir.
Tranzit ölkə ilə tammiqyaslı logistika qovşağı arasındakı fərqi anlamaq bu prosesin mahiyyətini dərk etmək üçün xüsusi əhəmiyyət daşıyır. Adi tranzit ölkə yükün bir sərhəddən daxil olub digər sərhəddən çıxmasına sadəcə formal şərait yaradır, logistika qovşağı isə yükün daşınmasını, təhlükəsiz saxlanmasını, emalını, bölüşdürülməsini və onun ətrafında geniş əlavə iqtisadi xidmətlərin formalaşmasını təmin edir. Azərbaycan məhz ikinci, yəni daha üstün modelə doğru irəliləyir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı ilə yanaşı Ələt Azad İqtisadi Zonasının eyni geoiqtisadi məkanda təsis edilməsi bu məqsədə xidmət edir. Burada əsas məqsəd təkcə daha çox yükün ölkə ərazisindən tranzit keçməsini təmin etmək deyil, həmin nəhəng yük axınının ətrafında istehsal, logistika, anbar təsərrüfatı, maliyyə, sığorta, gömrük və digər xidmət sahələrinin inkişafına nail olmaqdır. Çünki müasir dünya geoiqtisadiyyatında əsas göstərici konteynerin ölkədən nə qədər sürətlə çıxması deyil, həmin konteynerin ölkənin daxili iqtisadiyyatında nə qədər real əlavə dəyər yaratmasıdır.
Dünya ticarətində marşrutların şaxələndirilməsi zərurəti fonunda Mərkəzi Asiya dövlətlərinin də dünya bazarlarına çıxış strategiyalarında əsaslı dəyişikliklər baş verir. Qazaxıstan, Özbəkistan, Türkmənistan və bütövlükdə region ölkələri öz ixrac və tranzit imkanlarını şaxələndirməyə çalışır, Xəzərin şərq sahilindən Azərbaycan istiqamətinə yönələn maraq sürətlə artır. Bu proses Bakının Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında möhkəm iqtisadi körpü rolunu daha da gücləndirir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə son illərdə dərinləşən siyasi münasibətləri, cənab Prezident İlham Əliyevin region liderləri ilə apardığı intensiv siyasi dialoq, qarşılıqlı səfərlər və imzalanan mühüm razılaşmalar Orta Dəhlizin təməlini daha da möhkəmləndirir. Çünki böyük nəqliyyat dəhlizləri yalnız polad relslərdən, limanlardan və beton magistrallardan ibarət olmur, onların arxasında ən əsası güclü siyasi etimad dayanmalıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində genişlənən əməkdaşlıq da Orta Dəhlizin perspektivlərinə tamamilə yeni məzmun qazandırır.
Azərbaycanın qarşısında duran növbəti strateji istiqamətlərdən biri də Zəngəzur üzərindən kommunikasiyaların açılması və TRIPP xəttinin formalaşdırılması perspektividir. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə edilmiş mühüm razılaşmalardan sonra gündəmə gələn TRIPP – “Trump Route for International Peace and Prosperity” təşəbbüsü Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yeni və unikal geoiqtisadi konfiqurasiyasını ortaya qoyub. Bu məsələni dar çərçivədə yalnız yerli bağlantı kimi qiymətləndirmək onun miqyasını kiçiltmək olardı, çünki burada söhbət daha geniş Avrasiya bağlantısından gedir. Bu nəqliyyat xəttinin tam gücü ilə fəaliyyətə başlaması Azərbaycan–Naxçıvan–Türkiyə xəttini Orta Dəhlizin əlavə və çox güclü şaxəsinə çevirərək marşrutun çevikliyini, keçid qabiliyyətini və dayanıqlılığını maksimum səviyyəyə qaldıra bilər.
Geoiqtisadi çəkimizi artıran digər fundamental amil isə nəqliyyat və enerji xəritələrinin bir-birini qüsursuz şəkildə tamamlamasıdır. Azərbaycan on illərdir ki, Avropanın enerji təhlükəsizliyində əsas və etibarlı tərəfdaşdır. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Xəzərin zəngin enerji ehtiyatlarını birbaşa Avropa bazarlarına bağlayan nəhəng strateji sistem yaradıb. Cənab Prezident İlham Əliyevin uğurlu enerji diplomatiyası sayəsində mürəkkəb geosiyasi şəraitdə müxtəlif dövlətlərin və transmilli şirkətlərin maraqları uzlaşdırılıb. İndi isə bu unikal təcrübə nəqliyyat və yaşıl enerji diplomatiyasında uğurla davam etdirilir. Azərbaycanın bərpaolunan enerji potensialı, Xəzər dənizinin nəhəng külək enerjisi imkanları, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yaşıl enerji layihələri, eləcə də Qara dəniz vasitəsilə Avropaya yaşıl enerjinin ötürülməsi istiqamətində görülən işlər ölkəmizi yeni texnoloji mərhələyə daşıyır.
Bununla paralel olaraq, Orta Dəhlizin içərisində tamamilə yeni bir komponent – rəqəmsal dəhliz formalaşmaqdadır. Transxəzər fiber-optik xətti Avropa ilə Asiya arasında fasiləsiz məlumat ötürülməsi üçün Xəzər dənibinin dibi ilə yeni rəqəmsal körpünün yaradılmasını nəzərdə tutur. XXI əsrdə dəhliz anlayışı artıq yalnız avtomobil yolu və ya dəmir yolu demək deyil; müasir dəhliz dəmir yolu, avtomobil magistralı, dəniz limanı, enerji kabeli, fiber-optik xətt, məlumat mərkəzi və elektron gömrük sistemlərinin vəhdətidir. Azərbaycan bu baxımdan unikal tarixi imkan qazanaraq eyni coğrafi xətt üzərində üç strateji axının – malların, enerjinin və məlumatın hərəkət etdiyi qovşağa çevrilir. Süni intellekt, bulud texnologiyaları və rəqəmsal xidmətlərin genişləndiyi müasir dövrdə məlumat tranziti tamamilə yeni iqtisadi resursa çevrilir ki, Azərbaycan da Xəzərin iki sahilini birləşdirən məhz belə bir qlobal rəqəmsal körpü rolunu öz üzərinə uğurla götürür.
Lakin bütün bu nəhəng imkanlarla yanaşı, qarşıda duran çağırışları da düzgün qiymətləndirmək lazımdır. Orta Dəhlizin uzunmüddətli uğuru yalnız fiziki infrastrukturun tikilməsindən deyil, ilk növbədə onun yüksək iqtisadi səmərəliliyindən asılı olacaqdır. Beynəlxalq yükdaşıma şirkətləri və iri logistika operatorları hər hansı marşrutu siyasi bəyanatlara görə deyil, sərfəli qiymətə, yüksək sürətə, təhlükəsizliyə, etibarlılığa və proqnozlaşdırıla bilənliyə görə seçirlər. Buna görə də əsas vəzifə coğrafi üstünlüyü qüsursuz xidmət üstünlüyünə çevirməkdir. Xəzərdə liman və gəmiçilik imkanlarının genişləndirilməsi, gömrük prosedurlarının tam rəqəmsallaşdırılması, Mərkəzi Asiya ölkələri ilə vahid tarif siyasətinin qurulması və sərhəd keçidlərinin sürətləndirilməsi bu prosesin ayrılmaz tərkib hissəsidir.
Yekunda bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın fəal iştirakı ilə Avrasiyada tamamilə yeni geoiqtisadi arxitektura formalaşır. Bu arxitekturada Xəzər dənizi keçilməz maneə olmaqdan çıxaraq əsl bağlantı məkanına çevrilir. Mərkəzi Asiya ilə Cənubi Qafqaz iqtisadi müstəvidə daha da yaxınlaşır, nəqliyyat dəhlizləri isə enerji və rəqəmsal magistrallarla zənginləşir. Cənab Prezident İlham Əliyevin illər ərzində ardıcıl və uzaqgörənliklə həyata keçirdiyi strateji siyasətin nəticəsidir ki, bu gün Azərbaycan sadəcə regional proseslərin iştirakçısı deyil, onları formalaşdıran əsas güc mərkəzlərindən birinə çevrilmişdir. Ölkəmizin coğrafiyası real milli güc amilinə, infrastruktur iqtisadi kapitala, düşünülmüş diplomatiya isə siyasi təsir imkanına transformasiya olunur. Bu isə Azərbaycanı Avropa ilə Asiyanı qovuşduran, enerji, yük və məlumat axınlarının istiqamətinə birbaşa təsir göstərən əvəzolunmaz geoiqtisadi qovşağa çevirir.