Beynəlxalq əməkdaşlıq

Pakistan Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt ilə görüş olub
04 dekabr 2024, 12:32

5-6 dekabr 2024-cü ildə Bakıda keçiriləcək Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ; Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransı çərçivəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə Pakistan Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı İcma sədri qonağa məlumat verərək bildirib ki, Qərbi Azərbaycanlılar ötən əsr boyu mərhələlərlə deportasiyalara məruz qalıblar. İcma sədri soydaşlarımızın geri qayıdışının təmin olunması ilə bağlı konfransda müzakirə ediləcək məsələlərə toxunaraq Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının önəmini vurğulayıb.

Qonaq öz növbəsində ona verilən məlumata görə təşəkkürünü bildirərək beynəlxalq hüququn əsas norma və prinsiplərindən olan qayıdış hüququnun həyata keçirilməsinin vacibliyini qeyd edib.

Pakistanlı qonaq Qərbi Azərbaycanlıların haqq işində onları dəstəkləməyə hazır olduğunu, bununla bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında gücünü ortaya qoyacağını bildirib.