21 aprel 2026, 20:28
20 aprel 2026-cı il tarixində Qərbi Azərbaycan İcması və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qax şəhərində “Yaşayan yaddaş, sönməyən ümid” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Qərbi Azərbaycan İcmasını təmsil edən nümayəndə heyəti iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Sonra konfransın keçirildiyi rayon Heydər Əliyev Mərkəzində Qərbi Azərbaycanın mədəni irsini və zəngin mətbəxini əks etdirən sərgiyə baxış olub.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qərbi Azərbaycan həqiqətləri ilə bağlı videoçarx nümayiş etdirilib.
Qərbi Azərbaycan İcmasının Qax rayonu üzrə nümayəndəsi Həsən Tarverdiyev çıxışında Qərbi Azərbaycan ruhunun yaşadılması və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb. O, Qərbi Azərbaycanın sadəcə coğrafi məkan deyil, xalqımızın milli kimliyinin, köklərinin və tarixi yaddaşının bir parçası olduğunu diqqətə çatdırıb. Həsən Tarverdiyev həmin torpaqlarda səslənən laylaların, bayatıların və qalanan ocaqların bu gün də hər bir azərbaycanlının qəlbində yaşadığını qeyd edib.
İcmanın İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova çıxışında azərbaycanlıların ayrı-ayrı illərdə Ermənistandakı dədə-baba torpaqlarından deportasiyasını, işgəncələrə məruz qalmasını, müxtəlif toponimlərimizin dəyişdirilərək erməniləşdirilməsini tarixi faktlarla diqqətə çatdırıb. Professor Qərbi Azərbaycan reallıqlarının regionlarda daha geniş təbliğ edilməsi istiqamətində görülən işlərdən danışıb, belə konfransların Qərbi Azərbaycan həqiqətlərinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Dövlət başçısının 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündəki fikirlərinə istinad edən Mahirə Hüseynova, dədə-baba torpaqlarımıza qayıdış strategiyasının tarixi və siyasi əhəmiyyətini diqqətə çatdırıb.
Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında bildirib ki, son 200 ildə Azərbaycan xalqının başına gətirilən faciələrin cavabının tapılması, haqq səsimizin dünyaya çatdırılması və tapdalanan haqqımızın bərpası üçün bu gün əlverişli şərait yaranıb. O, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından zorla çıxarıldığını, o torpaqlara qayıdışın zərurət olduğunu, soydaşlarımızın böyük ümid və əminliklə geri qayıdacaqları günü gözlədiklərini vurğulayıb.
Tədbirdə çıxış edənlər – Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, əslən Qərbi Azərbaycandan olan müəllim Afaq Abdullayeva və Qax şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Məryəm Muradova son iki əsrdə azərbaycanlılara qarşı yürüdülən etnik təmizləmə və deportasiya siyasətinin ağır nəticələrini diqqətə çatdırıblar. Vurğulanıb ki, beynəlxalq hüquqa və tarixi faktlara əsaslanan “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” tarixi ədalətin bərpası və sülhün təmin olunması üçün strateji əhəmiyyətə malikdir. Həmçinin bu tarixi reallıqların gənc nəslə çatdırılmasının və milli yaddaşın qorunmasının vacibliyi xüsusi qeyd olunub.
Elmi-praktik konfrans ədəbi-bədii, musiqili proqramla başa çatıb.



















