Konfranslar

“Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı mətbuat konfransı baş tutub
28 noyabr 2024, 13:05

Qərbi Azərbaycan İcmasında dekabrın 5-i və 6-sı “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı mətbuat konfransı baş tutub. Konfransdan əvvəl tədbir, burada müzakirə olunacaq mövzular barədə medianın suallarının cavablandırılması məqsədilə təşkil olunan mətbuat konfransında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli icmanın fəaliyyət prinsiplərindən bəhs edərək bildirib ki, konfransın təşkili Qərbi Azərbaycana qayıdış məsələsinin dünya ictimaiyyətinin nəzərinə çatdırılması böyük əhəmiyyət kəsb edir. “İki yüz il boyunca müxtəlif vaxtlarda soydaşlarımız etnik təmizləmələrə, soyqırımlara, deportasiyalara məruz qalıblar. Son deportasiya isə 1987-1991-ci illərdə həyata keçirilib. Min illər boyu Qərbi Azərbaycanda məskunlaşan soydaşlarımız ata-baba yurdlarından qovulublar. Çox sevinirik ki, Qarabağ zəfərindən sonra tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizə ön plana çəkildi. İlk dəfə olaraq Qərbi Azərbaycan məsələsini dünyaya çıxara bildik. Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan məsələsinin hüquqi aspektlərini beynəlxalq müstəvidə müzakirə etmək üçün qayıdış hüququ mövzusunda ötən il də beynəlxalq konfrans təşkil etdik və dekabrın 5-i, 6-ı ikinci dəfə sözügedən konfrans həyata keçiriləcək” – deyə sədr vurğulayıb. Ə.Ələkbərov bildirib ki, konfransda 51-dən artıq dövlətdən 100-dən çox nümayəndə iştirak edəcək: “Konfrans çərçivəsində beş panel təşkil olunacaq və hər paneldə beş məruzə dinləniləcək. Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq müstəvidə müzakirəsi mübarizəmizin yeni mərhələsini təşkil edəcək”. Qərbi Azərbaycan İcmasının üzvü, millət vəkili Qaya Məmmədov bildirib ki, qonaqlar sırasında müxtəlif ölkələrin deputatları, siyasi xadimləri, alimləri, tarixçiləri olacaqlar. “Bu konfransın təşkili Azərbaycanı qayıdış hüququ mövzusunda beynəlxalq miqyasda tanınmış mərkəzlərdən birinə çevirir”, - deyə Q.Məmmədov əlavə edib. O, bildirib ki, İcma bu tədbirləri keçirməklə qayıdış hüququ mövzusunu beynəlxalq miqyasda təbliğ edir: "Dünyada qaçqın və köçkünləri sayı getdikcə artır. Bu problem köklü şəkildə həll edilməlidir. Onların öz torpaqlarına təhlükəsiz şəkildə qayıtması təmin olunmalıdır. İcmanın bu mövzuda konfrans keçirməsi bir növ dünyaya çağırışdır" – deyə Qaya Məmmədov vurğulayıb. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Qərbi Azərbaycanda mövcud olmuş 600 qəbiristanlıqda apardığımız monitorinqlər nəticəsində onlardan cəmi ikisinin varlığı müəyyən edilib. "Bizim Qərbi Azərbaycanda 600 qəbiristanlıqda keçirdiyimiz monitorinqin nəticələri göstərdi ki, onlardan 450-nin heç izi də qalmayıb. 150-ə yaxın qəbiristanlığın isə sadəcə dağıntıları qalıb və bərpa etmək demək olar, mümkünsüzdür. Cəmi iki qəbiristanlığı müəyyən edə bildik" – deyə İcma sədri vurğulayıb. Ə.Ələkbərli bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb: "Hazırda məscid və türbələrdə monitorinqlər aparılır".

Qeyd edək ki, Qərbi Azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququ üzərində fokuslanan tədbirə 51 ölkədən 100-dən artıq xarici iştirakçının qatılacağı gözlənilir. Tədbirdə Qərbi Azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək. Dekabrın 6-da isə tədbirin zəngin proqrama malik mədəni hissəsi baş tutacaq. Xatırladaq ki, 5 dekabr Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən gün ilə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edib.