
Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələri” mövzusunda konfrans keçirilib.
Konfrans Ümumdünya Kitab və Müəlliflik Gününə həsr edilib.
Konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, bu tədbirin keçirilməsində məqsəd xüsusən əqli mülkiyyətə, kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz, hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir. Professor Kamran İmanov deyib ki, dünyanın ən zəngin arxivlərindən biri sayılan Sankt-Peterburq arxivində qədim erməni müəlliflərinin əlyazmalarının tapılması müşkül bir işdir: “2003-cü ildə Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş “Sokrovişa akademiçeskix sobraniy Sankt-Peterburqa” kitabı çapdan çıxmışdı. Kitabın tərtibatçı kollektivinin rəhbəri milliyyətcə erməni olan professor Yuriy Petrosyan yazırdı ki, arxivdə qorunub saxlanan erməni əlyazmaları qismində orijinal nümunə yoxdur, əksəriyyəti - 80 faizə qədəri XVII-XVIII əsrlərə aid köçürmələrdir, bir neçəsi XIV-XV əsrlərdə köçürülənlərdir. Erməni aliminin digər etirafına əsasən, bu arxivdə VII-XI əsrlərə aid olan türk orijinallarının sayı isə minlərlədir”.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, erməni tərəfinin yalanları və saxtakarlıqlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür.Onun sözlərinə görə, qarşı tərəf hər zaman dünya ictimaiyyətini yalanlarına inandırmağa çalışıb: “Həmin beyinlərdən saxtakarlıqları çıxarmaq, sonra həqiqətləri təqdim etmək lazımdır. Erməni yalanlarının ifşası üçün tarixi mənbələrin önəmi böyükdür”. Sədr əlavə edib ki, Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı böyük işlər gedir: “Bu, təkcə Qərbi azərbaycanlıların məsələsi deyil, 60 milyonluq azərbaycanlıların məsələsidir”.
Daha sonra konfransda Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev çıxış ediblər.