Xəbərlər

“Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı təşkil olunub
23 yanvar 2026, 23:05

22 yanvar 2026-cı il tarixində Şəhriyar adına Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan aşıqlığı bu gün” adlı konsert proqramı təşkil olunub.

Tədbir “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Aşıqlar Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Konsert proqramında Qərbi Azərbaycan İcmasının rəhbər heyəti və üzvləri də iştirak ediblər. Tədbir Qərbi Azərbaycan aşıq mühitinin zəngin irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli mədəni platforma kimi dəyərləndirilib.

“Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin sədri, Əməkdar artist Ramil Qasımov bildirib ki, konsert rəhbərlik etdiyi qurumun elan etdiyi “Musiqi Kimliyimiz” layihəsi çərçivəsində ilk tədbirdir. Layihə Azərbaycan xalq musiqisinin köklərinə işıq salmaqla, aşıq sənətinin milli kimliyimizin ayrılmaz hissəsi olduğunu vurğulamağı, xüsusilə gənc nəslə bu irsi daha dolğun formada təqdim etməyi hədəfləyir. O, layihə çərçivəsində silsilə tədbirlərin, o cümlədən “Dastan axşamları”nın keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva çıxışında son illər Agentliyin müsabiqələrində Qərbi Azərbaycana qayıdış mövzusunun prioritet istiqamətlərdən birinə çevrildiyini bildirib. O qeyd edib ki, Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlər dinc yolla qayıdış və təməl insan hüquqları kontekstində mühüm əhəmiyyət daşıyır. A.Əliyeva “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin qısa müddətdə həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək, bu kimi təşəbbüslərə dəstəyin davam edəcəyini vurğulayıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı aşıq sənətinin milli-mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynadığını qeyd edib, Qərbi Azərbaycan aşıq mühitinin zəngin irsinin qorunmasının vacibliyini diqqətə çatdırıb. O, Agentliyin donorluğu ilə 2025-ci ildə nəşr edilən “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab haqqında da məlumat verib.

Konsert proqramında Qərbi Azərbaycan aşıq mühitinə məxsus aşıq havaları və dastan nümunələri təqdim olunub. Proqram çərçivəsində tanınmış aşıqlar və ifaçılar klassik və müasir repertuardan seçmələrlə çıxış ediblər.

Qeyd edək ki, Qərbi Azərbaycan İcması Qərbi Azərbaycana qayıdış ideyasının mədəni irs müstəvisində təbliğini, bu istiqamətdə həyata keçirilən təşəbbüslərin dəstəklənməsini vacib hesab edir və bu kimi tədbirləri yüksək qiymətləndirir.