
12 mart 2025-ci il, saat 14:00-da Gəncə Dövlət Filarmoniyasında “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bizim tariximiz təsdiqləyir” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Ardınca Filarmoniyanın foyesində təşkil edilən, Qərbi Azərbaycana həsr olunmuş dekorativ tətbiqi sənət və foto sərgi ilə tanışlıq həyata keçirilib.
Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Qərbi Azərbaycan İcmasının 2 illik fəaliyyəti ilə bağlı Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanmış film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İH-nin başçısı Niyazi Bayramov qonaqları salamlayaraq Gəncə şəhərində Qərbi Azərbaycanla bağlı genişmiqyaslı tədbirin keçirilməsinin önəmindən bəhs etdi.
İcmanın İH-nin sədri, Milli Məclisin deputatı, filologiya üzrə f.d. Əziz Ələkbərov “Qərbi Azərbaycan İcmasının məqsəd və hədəfləri, qayıdış uğurunda mübarizə” mövzusunda çıxışında İcmanın yaranma tarixçəsi, bu günə qədər görülən işlər və qarşıda duran məsələlər barədə danışdı. Sədr bildirdi ki, son 200 ildə öz ata-baba yurdlarından zorla çıxarılan Qərbi Azərbaycanlıların geri qayıdışı mütləq şəkildə təmin edilməlidir.
“Qərbi Azərbaycan həqiqətləri, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış uğrunda apardıqları mübarizənin tarixi əhəmiyyəti” mövzusunda danışan İcmanın Müşahidə Şurasının üzvü, Milli Məclisin komitə sədri Musa Urud Qərbi Azərbaycandakı yurd yerlərimizdən, doğma torpaqlara qayıdışın vacibliyindən bəhs etdi.
İcmanın İH sədrinin müavini, Milli Məclisin deputatı, professor Hikmət Babaoğlu “İndiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı regionda qalıcı sülhün təminatı kimi” mövsuzunda danışaraq bildirib ki, soydaşlarımızın geri qayıdışı regionda qalıcı stabilliyin olmasında mühüm rola malik olacaq.
Ardınca “Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsinin siyasi və sosial təsirləri” mövzusunda YAP Gəncə Təşkilatının sədri, İcmanın Gənclər Şurasının üzvü, Basarkeçər rayonu Zərzibil kəndinin icma sədri Bayram Aslanov, “Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsinin fəaliyyət istiqamətləri barədə hesabat xarakterli icmal” mövzusunda İcmanın Gəncə şəhəri üzrə nümayəndəsi, professor Mübariz Yusifov, “Azərbaycanlıların tarixi vətənlərinə qayıdış hüquqlarının bərpası və Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu” – mövzusunda Gəncə şəhərində yaşayan Qərbi Azərbaycan kökənli gənclər adından Sevinc İsgəndərova çıxış ediblər.