11 iyun 2026, 09:25
10 iyun 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurası və Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan əsilli Əməkdar elm xadimi, professor Abuzər Xələfovun anadan olmasının 95 illiyinə həsr olunmuş yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov açaraq professor Abuzər Xələfovun Azərbaycan elminə, xüsusilə kitabxanaşünaslıq sahəsinin inkişafına verdiyi mühüm töhfələrdən danışıb. O, görkəmli alimin zəngin elmi-pedaqoji fəaliyyətinin, yaratdığı elmi məktəbin və yetişdirdiyi mütəxəssislərin Azərbaycan elminin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra Bakı Dövlət Universitetinin "Redaksiya-nəşriyyat işi" kafedrasının müdiri, dosent Knyaz Aslan "Azərbaycanda kitabxanaşünaslıq elminin memarı: Əməkdar elm xadimi, professor Abuzər Xələfov irsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə professor Abuzər Xələfovun ölkədə kitabxanaşünaslıq elminin formalaşması və inkişafındakı müstəsna xidmətləri, elmi-pedaqoji fəaliyyəti, çoxsaylı tədqiqatları və yaratdığı elmi məktəbin əhəmiyyəti geniş təhlil olunub.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli professor Abuzər Xələfovun yalnız görkəmli alim deyil, həm də Qərbi Azərbaycan həqiqətlərinin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm xidmətləri olan ziyalılardan biri olduğunu qeyd edib. O bildirib ki, Qərbi Azərbaycandan olan elm və mədəniyyət xadimlərinin irsinin öyrənilməsi tarixi yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Deputat professor Abuzər Xələfovun həyat və fəaliyyətinin Azərbaycan ziyalılığı üçün örnək olduğunu vurğulayaraq, onun zəngin elmi irsinin gələcək nəsillər tərəfindən dərindən öyrənilməsinin vacibliyini qeyd edib.
Daha sonra Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Bayramov, BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov, Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının müdiri, dosent Sevda Xələfova, BDU-nun Elmi kitabxanasının direktoru Nigar İsmayılova və Mərkəzi Seçki Komissiyasının üzvü, dosent Elçin Xələfov çıxış edərək professor Abuzər Xələfovun elmi fəaliyyətindən, pedaqoji xidmətlərindən və Azərbaycan kitabxanaçılıq məktəbinin inkişafındakı müstəsna rolundan bəhs ediblər.
Çıxışlarda qeyd olunub ki, professor Abuzər Xələfovun çoxşaxəli fəaliyyəti ölkənin elm və təhsil tarixində xüsusi yer tutur. Onun müəllifi olduğu əsərlər, yetişdirdiyi elmi kadrlar və formalaşdırdığı elmi məktəb bu gün də uğurla fəaliyyət göstərərək Azərbaycan elminin inkişafına mühüm töhfə verir.
Daha sonra professor Abuzər Xələfovun fəaliyyətini təbliğ edən, alimin həyat və fəaliyyəti, ərsəyə gətirdiyi nəşrlər barədə məlumatların yer aldığı https://abuzar-xalafov.info.az/ adlı saytın təqdimatı keçirilib. İcmanın Ziyalılar Şurasının üzvü, dosent Azad Qurbanov sayt haqqında ətraflı məlumat verib.
Tədbir çərçivəsində professor Abuzər Xələfovun həyat və fəaliyyətindən bəhs edən sənədli filmdən fraqment nümayiş etdirilib.
Sonda professor Abuzər Xələfovun xatirəsi ehtiramla yad edilib, onun elmi irsinin öyrənilməsi və təbliğinin, həmçinin Azərbaycan elminə və milli-mənəvi dəyərlərə verdiyi töhfələrin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.



























