27 fevral 2026, 17:28
Fevralın 27-də Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan Gənc Səfirləri – II” layihəsinin iştirakçıları ilə növbəti görüş təşkil olunub.
Görüşdə Azərbaycan Respublikasının Gənclər və idman nazirinin müavini İndira Hacıyeva və Azərbaycan Respublikasının sabiq təhsil naziri, İcmanın Müşahidə Şurasının sədri Misir Mərdanov iştirak ediblər.
İcmanın aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov layihənin məqsədləri və prioritet istiqamətləri barədə məlumat verib. O bildirib ki, layihə çərçivəsində gənclərin beynəlxalq platformalarda fəal və peşəkar təmsilçiliyi, Qərbi Azərbaycan həqiqətlərinin sistemli şəkildə çatdırılması əsas hədəflərdəndir.
Çıxış edən İndira Hacıyeva gənclərin təşəbbüskarlıq, intellektual hazırlıq və milli-mənəvi dəyərlərə bağlılıq prinsipləri əsasında fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, layihənin birinci mərhələsi uğurla icra olunub və ikinci mərhələnin daha genişmiqyaslı nəticələr verəcəyi gözlənilir. Nazir müavini beynəlxalq müstəvidə fəallıq, düzgün kommunikasiya bacarıqları və strateji yanaşmanın əhəmiyyətinə dair tövsiyələrini bölüşüb, iştirakçılara uğurlar arzulayıb.
Misir Mərdanov isə çıxışında Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla öyrənilməsi və təqdim edilməsinin strateji əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, bu istiqamətdə gənclərin fəallığı xüsusi rol oynayır. Eyni zamanda, ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin davamlılığı üçün gənclərin bu siyasəti dərindən mənimsəməsinin və ona dəstək verməsinin vacibliyini qeyd edib.
Görüş zamanı iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Bakı Dövlət Universiteti və BDU Könüllüləri Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilir.

















