Görüşlər

“Qərbi Azərbaycan Gənc Səfirləri – II” layihəsinin iştirakçıları ilə görüş keçirilib
29 dekabr 2025, 16:48

Dekabrın 26-da Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan Gənc Səfirləri – II” layihəsinin iştirakçıları ilə görüş keçirilib.

Dünya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramin Həbibzadə “Qərbi Azərbaycan Gənc Səfirləri – II” layihəsi ilə bağlı ətraflı məlumat verib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli iştirakçıları salamlayaraq,Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin rolunun əhəmiyyətini vurğulayıb, layihənin bu istiqamətdə mühüm platforma olduğunu bildirib. O, gənclərin bilik və bacarıqlarının artırılmasının milli maraqların müdafiəsində xüsusi önəm daşıdığını qeyd edib.

Bakı Dövlət Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru Şahin Pənahov çıxış edərək, ali təhsil müəssisələrinin belə layihələrə verdiyi töhfədən danışıb, gənc səfirlərin akademik biliklərlə yanaşı, beynəlxalq kommunikasiya bacarıqlarının formalaşdırılmasının vacibliyini vurğulayıb.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin sədr müavini Ülviyyə Axundova gənclər siyasəti çərçivəsində həyata keçirilən bu cür layihələrin gənclərin ictimai fəallığının artırılmasına xidmət etdiyini qeyd edib, “Qərbi Azərbaycan Gənc Səfirləri” layihəsinin gənclərin liderlik potensialının üzə çıxarılmasına töhfə verdiyini bildirib.

Sonda gənclərin sualları cavablandırılıb.

Qeyd edək ki, layihə AR Gənclər və İdman Nazirliyinin dəstəyi, "Dünya Azərbaycanlıları" Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilir.