Xəbərlər

Qərbi Azərbaycan İcması 18 oktyabr Müstəqilliyin Bərpası Gününü Yeni Yaşmada qeyd edib
18 oktyabr 2025, 17:16

Xızı rayonunun Yeni Yaşma qəsəbəsində İstisu şəhər İcmasının təşkilatçılığı ilə “Dərələyəz mətbəxi – İstisu folklorundan örnəklər” adlı tədbir keçirilib.

Tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, üzvləri, icma sədrləri, ziyalılar və icma üzvləri iştirak ediblər.

Tədbiri açıq elan edən İstisu İcmasının sədri Alı Alıyev çıxışında qeyd edib ki, Dərələyəz bölgəsi Qərbi Azərbaycanın mədəni yaddaşının mühüm hissəsidir: O qeyd edib ki, belə tədbirlərlə həm qədim mətbəximizi, həm də Dərələyəzin folklor irsini yaşadırlar. Qayıdış ideyamız təkcə torpağa deyil, həm də mənəvi köklərimizə qayıdışdır.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli isə çıxışında 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbirə toplaşan hər kəsi təbrik edib, bu günün Qərbi azərbaycanlılar üçün xüsusi mənəvi məna daşıdığını vurğulayıb.

“Biz müstəqilliyimizi qoruduqca Qərbi Azərbaycana qayıdış arzumuz da gerçəkliyə çevriləcək. Vaxtaşırı keçirilən belə tədbirlər o müqəddəs yola mənəvi dəstəkdir.” - deyə sədr vurğulayıb.

Paşalı İcmasının sədri Faiq Xudayev çıxışında qeyd edib ki, İstisu İcmasının təşəbbüsü bütün rayon icmalarımızda da təbliğ olunmalıdır. Qərbi Azərbaycan adına belə əyani görüşlər icmaların həmrəyliyini və mədəni birliyini nümayiş etdirir. O bildirib ki, Qərbi Azərbaycan dəyərlərinin bu cür təbliğ edilməsi və yeni nəsillərə ötürülməsi qayıdış prosesinin mənəvi dayaqlarını daha da möhkəmləndirir.

Sonra İştirakçılar əvvəlcə “İstisu xatirələrdə” muzeyi və icmanın indiyədək keçirdiyi tədbirləri əks etdirən fotosərgi ilə tanış olublar. Ardınca Dərələyəz bölgəsinə məxsus ənənəvi yeməklərin və turşuların hazırlanma prosesi nümayiş etdirilib.

Tədbir çərçivəsində Dərələyəz mətbəxinin ən ləziz təamları təqdim olunub və münsiflər heyəti tərəfindən fərqlənən aşpazlara, eyni zamanda icmanın təşkilatlanması və fəaliyyətində xidmətləri olan üzvlərə, bu il müxtəlif ali təhsil ocaqlarına yüksək bal toplayaraq qəbul olmuş gənclərə təşəkkürnamələr təqdim olunub.

Tədbirdə həmçinin İstisu İcmasının üzvləri Dərələyəz folklorundan nümunələr səsləndiriblər.

Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Qərbi Azərbaycanın müxtəlif bölgələrindən deportasiya olunmuş soydaşlarımızın bir hissəsi Xızı rayonunun Yeni Yaşma qəsəbəsində məskunlaşıb.cHazırda Dərələyəz mahalının Paşalı rayonunun Səfolar–İstisu kəndlərindən deportasiya olunmuş qərbi azərbaycanlılar burada kompakt şəkildə yaşayır və Qərbi Azərbaycana aid təsərrüfatçılıq və mədəni ənənələri bu bölgədə də yaşadırlar.