Xəbərlər

Qərbi Azərbaycan İcması 20 yanvar Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət etmişdir
20 yanvar 2026, 14:47

20 Yanvar Azərbaycan xalqının tarixində faciə günü deyil, həm də milli qürur, azadlıq iradəsi və mübarizə ruhunun simvoludur. 1990-cı il yanvarın 20-də sovet imperiyasının Bakıya yeritdiyi qoşunlar dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq törətdi. Qadın, uşaq, yaşlı demədən onlarla insan qətlə yetirildi. Bu qanlı hadisə Azərbaycan xalqının azadlıq yolunu dayandıra bilmədi. Əksinə, 20 Yanvar faciəsi müstəqillik uğrunda mübarizənin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Bu gün həmin faciənin qurbanları ehtiramla yad edilir.

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Qərbi Azərbaycan İcmasının üzvləri də Şəhidlər xiyabanını ziyarət edib. Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, şəhidlərin ruhuna dualar oxunub.

Qərbi Azərbaycan İcması olaraq, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş və bu müqəddəs amal uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızı, dərin ehtiram və qürur hissi ilə anır, ruhları qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.