Bəyanatlar

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü il oktyabrın 12-də Azərbaycana qarşı qəbul etdiyi cızmaqaraları rədd edir.
14 oktyabr 2023, 10:46

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü il oktyabrın 12-də Azərbaycana qarşı qəbul etdiyi cızmaqaraları rədd edir.

Ermənilərin Qarabağa qayıdışından, erməni mədəni irsinin mühafizə olunmasından danışan AŞPA-nın Ermənistanı azərbaycanlıların qayıdışına şərait yaratmağa, Azərbaycan xalqının mədəni irsini qorumağa çağırmaması, Xocalı qatillərinin azad edilməsini tələb edib 4 min azərbaycanlı itkin düşmüş şəxsin məsələsinə toxunmaması rəzalətdir.

“Yaddaşı qısa olan” səlibçi mentalitetli deputatlara xatırladırıq ki, vaxtilə Azərbaycan əraziləri işğal altında olarkən AŞPA-da keçmiş münaqişə ilə bağlı ad hoc komitə təsis olunmuşdu. Lakin Ermənistan onun işində iştirak etmədi və komitənin işi tamamilə iflic oldu. Amma AŞPA bundan narahat olmadı. AŞPA-nı narahat edən Azərbaycanın işğala, separatçılığa, “boz” zonaya son qoyması, özünün ərazi bütövlüyünü, suverenliyini, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etməsi oldu.

Ölkələrə və məsələlərə dini və etnik simpatiya əsasında yanaşan irqçi, islamofob, azərbaycanofob ünsürlərin toplaşdığı AŞPA bu mənada, Avropa Parlamenti kimi qitənin üz qarasıdır. AŞPA qoy gedib Avropada tüğyan edən islamofobiyaya, söz azadlığı adı altında müqəddəs Quranın yandırılmasına bəraət qazandırılmasına, dinc nümayişçilərin atların ayağı altına salınmasına, üzərinə itlərin buraxılmasına, Korsika dilinin qadağan edilməsinə münasibət bildirsin. Riyakarların, siyasi buqələmunların Azərbaycana “öyüd-nəsihət” verməsi üçün heç bir mənəvi hüququ yoxdur.