09 fevral 2026, 10:13
Qərbi Azərbaycan İcması son vaxtlar Ermənistanda və bir sıra digər ölkələrdə Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları kəskin şəkildə pisləyir.
Bu günlərdə Fransa senatının Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə müsbət ruhda keçirilmiş görüşü günü Azərbaycan xalqına qarşı dəhşətli cinayətlər törətmiş müharibə canilərinin azad edilməsinə çağıran qətnamə qəbul etməsi, İsveçrə parlamentinin üzvünün Ermənistanda özlərini hansısa qondarma qurumun “rəhbərləri” kimi qələmə verən şəxslərlə görüşməsi, “Qarabağ məsələsi hələ bağlanmamışdır” kimi təxribatçı açıqlamalar verməsi bu qəbildən olan təxribatçı hərəkətlərdir.
Görəsən, “azadlıq, bərabərlik, qardaşlıq”dan dəm vuran Fransanın bu parlamenti niyə bircə dəfə biz qərbi azərbaycanlıların üzləşdiyi faciələrə, deportasiyalara, soyqırımına, Azərbaycan xalqının Ermənistanda bütün izinin, qədim və zəngin tarixi-mədəni irsinin silinməsi kampaniyasına münasibət bildirməyib?
Qərbi Azərbaycan İcması hesab edir ki, ilk öncə Ermənistan dövləti öz ərazisində artıq keçmişdə qalmış qondarma rejimin bütün “təsisatları”nı ləğv etməli, bundan başqa, regiondankənar aktorların sülhə maneə təşkil edən əməllərini pisləyən açıqlamalar verməlidir.