Bəyanatlar

Qərbi Azərbaycan İcması bir daha bildirir ki, onun Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı heç iddiası yoxdur
26 oktyabr 2023, 07:52

Qərbi Azərbaycan İcmasının Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşməsinə, bu günlərdə Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində tədbir keçirməsinə, Haaqada ATƏT-in milli azlıqlar üzrə komissarlığının tədbirində iştirakına Ermənistanın verdiyi reaksiya bir daha bu dövlətin siyasətində azərbaycanlılara qarşı olan etnik nifrətin səviyyəsini göstərir. Bununla, Ermənistan, həm də, söz azadlığına və vətəndaş cəmiyyətinin fəaliyyətinə nə qədər dözümsüz yanaşdığını nümayiş etdirmişdir.

Ermənistan hökuməti dialoqdan qaçmaq üçün guya İcmanın ona qarşı ərazi iddiası irəli sürdüyünü iddia edir. Qərbi Azərbaycan İcması bir daha bildirir ki, onun Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı heç iddiası yoxdur və yeganə məqsədi azərbaycanlıların dinc şəkildə Ermənistanda dədə-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir.